ADU-da seminar keçirilib FOTO

Avqustun 7-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Azərbaycan və Çin gənclər siyasəti" mövzusunda seminar keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, seminarda Çin dili və Mədəniyyəti Mərkəzinin direktoru, professor Rafiq Abbasov Azərbaycan-Çin arasında humanitar sahədə olan uğurlu əməkdaşlıqdan, iki ölkə arasında tələbə mübadiləsinin genişləndirilməsi haqqında məlumat verərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə səfər etdiyini xüsusilə vurğuladı. O, bu səfər zamanı Azərbaycan və Çin arasında gənclər siyasəti sahəsində əməkdaşlıq müqaviləsinin imzalandığını bildirdi.

ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələr öz məruzələrində Çin gənclərinin nümayəndələri ilə Çin Xalq Respublikasının prezident Si Szinpin görüşləri, Çində avqust ayında keçirilən qeyri-maddi mədəni irsinin kataloquna daxil olan Çin gəncləri arasında məhşur ənənəvi "Tsisi" – sevgililər bayramında Çin gənclərinin iştirakı haqqında danışdı.

Seminarda çıxış edən "Böyük İpək yolu" Gənclər Beynəlxalq Birliyinin katibliyinin nümayəndəsi Aytən Əliyeva tarixi İpək Yolu üzərində yerləşən ölkələrin gəncləri ilə mədəni əlaqələrin inkişafı üçün Birliyin fəaliyyəti haqqında danışdı.

Seminarda ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev iştirak etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə