İyulun 29-da Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq Şahmat Günü"nə həsr olunmuş "Syansi" Çin şahmat oyunlarının öyrənilməsi haqqında açıq dərs keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov idman sahəsində Azərbaycan-Çin əməkdaşlığı, Çində keçirilən Ümumdünya intellektual oyunlarda Azərbaycan şahmatçılarının ənənəvi iştirakı barədə danışıb. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1970-ci ildə təməli qoyulmuş şahmatın inkişafı üzrə Dövlət Proqramının Azərbaycanda uğurla həyata keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov öz növbəsində ölkədə şahmat idman növünün inkişaf prosesi, respublikanın regionlarında şahmat məktəblərinin açılışı və beynəlxalq yarışlarda milli komandanın qazandığı nailiyyətlər haqqında məlumat verib.
Sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşı Pərvin Əfəndiyeva Azərbaycanda orta əsrlərdə geniş yayılmış və Xaqani, Nizami, Füzuli, Məhsəti Gəncəvi kimi böyük şairlərin əsərlərində əks olunmuş şahmatın sələfi-Ərəb oyunu "Şatranc" haqqında geniş məlumat verib.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri Çin şahmat oyununun tarixi və inkişafı, oyunun qaydaları, eyni zamanda Syansidə fiqurların hərəkətləri və şahmat debüt nəzəriyyəsi barədə danışıblar.
Tədbirdə, həmçinin ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Çinin Azərbaycandakı səfirinin Mədəniyyət üzrə müşaviri cənab Cen və onun köməkçisi cənab Li iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB