Gənc alimimiz Almaniyada kurs keçib

Gənc alimimiz Almaniyada kurs keçib

AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, "Su heyvanlarının parazitləri" laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayev Almaniyada (Hamburg, Berlin, Leypsiq şəhərləri) "Səhiyyədə iqtisadi kooperasiya" mövzusunda tədris-təcrübə kursu keçib. SİA-nın məlumatına görə, o, Almaniyada səhiyyənin strukturu, onun idarə olunması ilə yanaşı, tibb və biologiyada elmi tədqiqatların yerinə yetirilməsində istifadə olunan yeni və müasir optik avadanlıq və cihazların quruluşu, üstünlükləri, imkanları və iş prinsiplərini öyrənib. Nəzəri dərslər Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) sifarişi əsasında "Akademie İnternational" tədris mərkəzinin dəvət etdiyi yüksək ixtisaslı lektorlar tərəfindən aparılıb. F.Rzayev Almaniyada tibbi, bioloji cihaz və avadanlıqların istehsalı ilə məşğul olan və dünya bazarında özünəməxsus çəkisi olan brendlərin (Philips Medical Systems, Olympus Surgical Technologies Europe, Karl Storz GmbH & Co. KG, Carl Zeiss Meditec AG, Drager və s.) zavodlarında olub. İstehsalatla birbaşa yaxından tanış olmaqla yanaşı mütəxəssislərlə də informasiya mübadiləsi aparıb. Həmin avadanlıqların əyani olaraq necə işləməsinin isə bütün Avropada məşhur olan iri özəl və dövlət klinikaları ilə (Helios Endo-Klinik Hamburg, Asklepios Barmbek, Eppendorf & UKE Consult und Management GmbH, Medical Park Berlin Humboldtmuhle GmbH & Co.KG, St . Elisabeth-Krankenhaus Leipzig, Medica Klinik Leipzig və s.) tanış olarkən şahidi olub. Kursun sonunda test üsulu ilə imtahan verərək beynəlxalq sertifikatla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə