Təhsil Nazirliyi jurnalistləri mükafatlandırıb YENİLƏNİB

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırıb YENİLƏNİB

Təhsil Nazirliyində Milli Mətbuatın 140 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, nazirliyin müvafiq struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Təhsil Nazirliyi tərəfindən təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında "Maarifçi mətbuat" devizi altında təşkil edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb və nazirliyin internet saytının yeni versiyasının təqdimatı keçirilib.

Giriş sözü ilə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, hər bir inkişaf edən ölkədə KİV-lə dövlət strukturlarının qarşılıqlı əməkdaşlığı olduqca vacib hesab edilir: "Ona görə də Təhsil Nazirliyi hər zaman KİV-lə münsaibətlərinin düzgün qurulmasında maraqlı olub. Ümüdvarıq ki, bundan sonra mətbuat da bizimlə qurduğu iş birliyini daha da genişləndirəcək və biz birlikdə yeni-yeni uğurlara imza atacağıq".

Nazir həmçinin22 İyul-Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik edib və təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

Mikayıl Cabbarov eyni zamanda qeyd edib ki, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə "Maarifçi mətbuat" devizi altında Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqənin əsas məqsədi təhsil proseslərinin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsildən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək və KİV-lə səmərəli əməkdaşlığın inkişafına təkan verməkdən ibarətdir.

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİVDF-nin icraçı direktoru Vüqar Səfərli belə bir tədbirin keçirildiyi üçün Təhsil Nazirliyinin təşəbbüsünü təqdirəlayiq hesab etdiklərini dilə gətirərək qeyd ediblər ki, təməli Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı hazırda inkişafa doğru irəliləməkdədir: "Məhz ona görə də jurnalistlərimiz daim öz peşə borcunu layiqincə yerinə yetirməyə və uğurlu işlərlə yadda qalmağa çalışırılar. Onların əməyinə dəyər verdiyiniz üçün təşəkkürümüzü bildirir və gələcəkdə belə tədbirlərin keçiriləcəyinə ümüd edirik".

Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə "Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı" və qiymətli hədiyyələr təqdim edilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə