Rus bölməsinin abituriyentləri imtahan verəcəklər

"İmtahanda 1782 abituriyentin iştirak edəcəyi gözlənilir"
Rus bölməsinin abituriyentləri imtahan verəcəklər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il iyulun 7-də rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirəcəkdir. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq.

Qəbul qaydalarına əsasən, aprelin 26-da keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyulun 7-də keçiriləcək "Azərbaycan dili" imtahanında iştirak etmək imkanı verilir. Abituriyentlərin "İmtahana buraxılış vərəqəsi" iyunun 30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur.

Qeyd edək ki, imtahanda 1782 abituriyentin iştirak edəcəyi nəzərdə tutulub ki, onların da 975 nəfəri oğlan, 807 nəfəri isə qızlardır. Abituriyentlərdən 1097 nəfər cari ilin, 685 nəfəri əvvəlki illərin məzunlarıdır.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə