Yaroslav Kuzminov ADİU da olub FOTOLAR

“Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti ilə ADİU arasında əməkdaşlıq genişləndirilir
Yaroslav Kuzminov ADİU da olub FOTOLAR

Bu gün Rusiyanın "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov Azərbaycan Dövlət İqtisad Universitetində olub. SİA-nın məlumatına görə, tədbirdə ADİU-nun rektoru Ədalət Muradov, professor və müəllim heyəti iştirak ediblər.

ADİU-nun rektoru Ədalət Muradov qonaqları salamlayaraq, Yaroslav Kuzminovun Azərbaycana səfərinin məqsədi barədə məlumat verib. Ə.Muradov qeyd edib ki, Rusiyanın nüfuzlu "Ali İqtisad Məktəbi" Milli Tədqiqat Universiteti arasında potensial əməkdaşlığın əsas istiqamətlərinə bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının həyata keçirilməsi, qarşılıqlı tələbə və magistrantların, həmçinin professor-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə yay və qış məktəblərinin təşkil edilməsi, birgə elmi tədqiqatların aparılması və beynəlxalq elmi-tədqiqat qrant layihələrində birgə iştirak edilməsi nəzərdə tutulub: "Hər tədris ilində tədqiqatçılarımızın sözügedən universitetdə tədqiqat aparması, o cümlədən də yeni tədris metodları, modullar üzrə təhsil, tədris prosesinin elektronlaşdırılması və digər məsələlər üzrə təcrübə mübadiləsi də əsas məqsəddir. Hər iki universitetin rəhbərliyi çalışacaq ki, qarşıya qoyulan məqsədlərə nail olmaqla, universitetlərin təhsil sisteminə hər hansı bir tövhə verə bilək. Bu işlərin öhdəsindən uğurla gəlmək üçün ən əsas birgə konfransların, fikir mübadilələrin aparılması vacib şərtlərdəndir".

Çıxış edən "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov səfər çərçivəsində görüləcək işlərdən danışaraq qeyd edib ki, Azərbaycan və Rusiya arasında bütün sahələrdə ikitərəfli münasibətlər yüksək səviyyədədir: "Bu baxımdan da hesab edirəm ki, təhsil sahəsində universitetlərin əməkdaşlığında biz də müsbət rol oynamalıyıq. Hər iki ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlığın tarixçəsi 2014-2015-ci tədris ili ərzində baş tutub. Belə ki, beynəlxalq əlaqələr üzrə müvafiq strukturlar arasında potensial əməkdaşlıq imkanlarına dair aktiv yazışmalar həyata keçirilməklə bizim əlaqələrimizin təməli qoyulub. Bu ilin 14-15 fevral tarixlərində ADİU-da nüfuzlu Ali İqtisad Məktəbinin Azərbaycan üzrə Olimpiadası keçirilib. Sevindirici haldır ki, 50-yə yaxın azərbaycanlı tələbənin iştirak etdiyi Olimpiadada ADİU-nun 2 tələbəsi qalib olub. Bununla da hər iki tələbə AİM-MTU-da ödənişsiz magistratura pilləsində təhsil almaq imkanı əldə ediblər. Düşünürəm ki, gələck illərdə bu kimi işlərə öz imzamızı atacağıq".

Daha sonra qonaq professor və müəllimləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, bu ilin 17 aprel tarixində ADİU ilə Ali İqtisad Məktəbi arasında əməkdaşlığa dair saziş imzalanıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə