Naxçıvanda qəbul və buraxılış imtahanları uğurla yekunlaşıb

Naxçıvanda qəbul və buraxılış imtahanları uğurla yekunlaşıb

İyulun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan şəhərində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslara - V ixtisas qrupuna və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə - kolleclərə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirib. Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan şəhər 1, 7, 14 nömrəli tam orta məktəblərdə saat 10:00-da başlayan imtahanda 2144 nəfər abituriyent iştirak edib.

AZƏRTAC xəbər verir ki, buraxılış imtahanında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, həmçinin əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, o cümlədən üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər də iştirak ediblər.

Naxçıvan şəhərində keçirilən imtahanlar yüksək təşkilatçılıqla reallaşıb. İmtahanların gedişinə nəzarət edən müəllim Qasım Əliyev bildirib ki, abituriyentlər bilik və bacarıqlarını göstərmək üçün ayrılan 2 saat ərzində imtahan otağında fəallıqla sualları cavablandırmağa çalışıblar.

İmtahan başa çatdıqdan sonra AZƏRTAC-ın müxbiri Naxçıvan şəhərindən olan abituriyent Aliyə İsayeva ilə həmsöhbət olub. O, yaradılan şəraitdən razılığını bildirərək, sualların hamısını cavablandırdığını qeyd edib. Valideyn Rəşadət Dadaşlı isə bildirib ki, qızı Turac V ixtisas qrupu üzrə imtahan verib. Övladının ən böyük arzusu tələbə adını qazanmaqdır. Əvvəlki illərdə imtahanlarda iştirak edib, ancaq müvəffəqiyyət qazana bilməyib. Bu il məqsədinə çatmaq üçün çalışıb və bugünkü imtahanda suallara doğru cavab vermək üçün var qüvvəsini sərf edib.

Qeyd edək ki, imtahanlar bütövlükdə ölkəmizin 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə