Elnur Nağızadə: “Sualların çətinliyi ilə bağlı fikirlər əsassızdır”
TQDK təkzib etdi AÇIQLAMA

"Bu il 4 istiqamətdə aparılan buraxılış imtahanları artıq yekunlaşıb və nəticələrin statistikası Təhsil Nazirliyinə təqdim edilib. Statistikaya nəzər yetirsək görərik ki, 9-cu sinif şagirdlərinin nəticələri 11-ci sinifə nisbətən daha aşağıdır". SİA-nın məlumatına görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 9-cu sinif şagirdlərinin imtahan qiymətlərinin aşağı olması onların təhsillərini davam etdirmək istəmədiklərindən irəli gəlir: "Yəni, onlar 9 illik təhsil bazasından əmək bazarına daxil olurlar və yaxud da peşə təhsil müəsisələrinə üz tuturlar. 11-ci sinif şagirdlərinə gəldikdə onların 10-cu sinifdən etibarən əsasən ali məktəblərə intensiv olaraq hazırlaşmaları buraxılış imtahanlarında qənaətbəxş nəticələr əldə etmələrinə bir növ kömək etmiş olur. Ümumilikdə respublika üzrə göstəricilər müxtəlifdir. Biz bunu ictimaiyyətə təqdim etmişik. Hansı bölgələrdə ki imtahan nəticələri çox zəifdir ümüd edirik ki, həmin bölgələrin təhsil şöbələri və müvafiq orqanları bunu təhlil edərək, gələcəkdə nəticələrin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atacaqlar".

Elnur Nağızadə həmçinin imtahan suallarının çətinliyi ilə bağlı deyilənlərə də aydınlıq gətirib. TQDK rəsmisi qeyd edib ki, buraxılış imtahanının sualları orta məktəb proqramına uyğun olub: "Şagirdlərə təqdim olunan test tapşırıqları abituriyentlərin suallarından daha sadədir. Ona görə də bu barədə deyilən fikirlər tamamilə əsassızdır. Yaxın günlərdə TQDK həm 9-cu sinif, həm də 11-ci sinfin buraxılış imtahanlarında istifadə edilmiş test kitabçalarının elektron variantını öz rəsmi saytında yerləşdirəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə