İmtahan fənlərinin sayı azaldılacaq AÇIQLAMA

İmtahan fənlərinin sayı azaldılacaq AÇIQLAMA

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biliyin qiymətləndirilməsi sistemində daim yeniliklər edir. Bu zaman beynəlxalq təcrübə əsas götürülməklə yanaşı, müxtəlif məzmunlu imtahanların nəticələri də təhlil olunur. Bundan başqa TQDK-nın nəzdində fəaliyyət göstərən ekspert şuraları tərəfindən irəli sürülən təkliflər nəzərdən keçirilir və komissiya tərəfindən yekun qərarda abituriyentlərin maraqları nəzərə alınır". Bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə 2014-2015-ci tədris ili üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri, həmçinin 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan yeniliklər barədə jurnalistlərə açıqlamasında deyib.

Elnur Nağızadə ötən il qəbul imtahanlarında bəzi dəyişikliklərin edildiyini və builki qəbul prosesində bu formatın tədbiq edildiyini bildirərək qeyd edib ki, bu il abituriyentlərin imkanları bir qədər genişləndirilib: "Belə ki, I, II,III, IV ixtisas qruplarının hər hansı birində iştirak etməklə yanaşı, abituriyentlər V qrupa aid olan ixtisasların da müsabiqəsində iştirak hüququ qazandılar. Bu yeniliklərin davamı olaraq 2016-cı ildə də qəbul modelində dəyişikliklərin aparılması istiqamətində iyunun 22-də TQDK-nın Kollegiya iclasında bir sıra qərarlar qəbul olunub. Buraya gələn ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi daxildir. Eyni zamanda bu qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün "Azərbaycan dili" fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. Həmçinin qəbul imtahanının fənlərinin sayında azalması gözlənilir. Yəni, buraxılış imtahanına aid olunan hər hansı bir fənnin təkrar olaraq qəbul imtahanında verilməməsi ola bilər. Bütün dəyişikliklər və yeniliklər abituriyentlərin rahatlığına və imkanlarının genişləndirilməsinə hesablanıb".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə