Müəllimlərin müsabiqəsi başa çatıb

Müəllimlərin müsabiqəsi başa çatıb

Dövlət ümumi təhsil müəssisələrində və peşə liseylərində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başa çatıb. Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqədə iştirak üçün elektron ərizəsi təsdiqlənmiş 1308 nəfərdən 907-si birinci mərhələdə - test imtahanında iştirak edib.

Test imtahanının nəticələrinə əsasən 197 nəfər seçdiyi vakant yerə iş yerini dəyişmək hüququ əldə edib və müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılıb. Müsahibənin nəticələrinə görə, nazirlik tərəfindən 175 nəfərin iş yerini dəyişməsinə razılıq verilib. İş yerini dəyişənlərdən 172-si Azərbaycan, üçü rus bölməsində çalışan müəllimlərdir.

Fənlər üzrə təsnifata görə, iş yerini dəyişənlərdən 36-sı tarix, 34-ü Azərbaycan dili və ədəbiyyatı, qalanları isə digər fənn müəllimləridir.

İş yerini dəyişmək hüququ qazanan 175 müəllimdən 50-si Bakı, üçü Gəncə, üçü Mingəçevir, ikisi Şirvan, biri Sumqayıt, 116-sı isə digər rayon və şəhərlərdəki təhsil müəssisələrini seçib.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşdıqdan sonra qalan vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün elektron ərizə qəbulu iyulun 1-dən 15-dək aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə