Əməkdaşlıq müqaviləsi imzalandı

Əməkdaşlıq müqaviləsi imzalandı

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumatına görə, müqavilənin məqsədi Azərbaycan Dövlət Aqrar Universitetində tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyanın gücləndirilməsi, tələbə və magistrlərdə tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. İmzalanan müqavilədə birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində baza kafedrasının yaradılması da nəzərdə tutulur. Həmçinin "Genetika", "Biotexnologiya", "Virusologiya", "Seleksiya və toxumçuluq", "Tərəvəzçilik" və "Meyvəçilik" sahəsində elmi yeniliklərin, innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması ilə kadr hazırlığının həyata keçirilməsi də planlaşdırılır.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Ələkbərovun sözlərinə görə müqavilənin əsas yaratdığı imkanlara elmin müasir sahələri üzrə yaradılmış imkanlardan ən müasir avadanlıqlardan istifadə etməklə müasir dünya elmi səviyyəsində tədqiqatlar aparmaq imkanının yaradılması və ən müasir səviyyədə təhsilin təşkil olunması daxildir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə