3 il ərzində Gəncədə tədris müəssisələri tam təmir olunacaq

3 il ərzində Gəncədə tədris müəssisələri tam təmir olunacaq

Ötən illərdə olduğu kimi, bu il də yeni tədris mövsümünə hazırlıq işləri davam etdirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hazırda əsas diqqət Mircəlal Paşayev adına 39 saylı orta məktəbin yeni korpusunun tikintisinə yönəldilib. Demək olar ki, böyük işçi qrupu bu korpusun 2015-2016-cı tədris ilinə istifadəyə verilməsi istiqamətində iş aparır. Bundan əlavə 4 saylı internat sanatoriya tipli orta məktəbdə, eləcə də 41 və 44 saylı tədris müəssisələrində də əsaslı təmir gedir. Ümumiyyətlə bu gün məktəblərin əsaslı təmiri və ya tikintisində ən vacib amil keyfiyyətdir. Çünki Gəncə şəhərində ilk illərdə məktəblərin təmiri və ya tikintisi elə də keyfiyyətli aparılmadığından indi bu məktəblərin də yenidən təmirə ehtiyacı var.

Odur ki, ilk illərdə təmir işləri ilə son illərdəki işlər arasında böyük fərq hiss olunmaqdadır. Rəsmi statistikaya görə bu gün Gəncə şəhərində cəmi 14 məktəbin əsaslı təmirə ehtiyacı var. 35 orta ümumtəhsil müəssisəsində bu işlər bitib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə