"SABAH"ın könüllüləri "Bakı 2015"də

"SABAH"ın könüllüləri

Ökəmizin ali məktəb və kolleclərinin 17 min 859 tələbə könüllülərindən 5 min 612 nəfəri "Bakı-2015" birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində, 12 min 247 nəfər əməliyyat könüllüsü isə Avropa Oyunları ilə bağlı digər tədbirlərdə iştirak edəcəklər. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, tələbələrin birinci Avropa Oyunlarına dəstək məqsədilə könüllü fəaliyyətə cəlb olunması Azərbaycanda könüllülük hərəkatının genişlənməsinə xidmət edir.

2015-ci ilin martından fəaliyyətə başlayan "SABAH-ın könüllüsü" proqramı tələbələrin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, sosial fəallığını artırmaq və biliklərin praktikada tətbiqi, eləcə də idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.

"SABAH-ın könüllüsü" proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin "Bakı-2015" birinci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə "SABAHFest" adlı festival keçirilib.

"SABAH" qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda "SABAH" qrupları yeddi ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə