Nəticələr yaxın günlərdə açıqlanacaq

Nəticələr yaxın günlərdə açıqlanacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 9-cu sinif şagirdləri üçün imtahan saat 10-da başlayıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15-də başlayıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə