ADU-da görüş keçirilib

İyunun 9-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ADU və Oslo arasında 2007-2013-cü illəri əhatə edən əməkdaşlıq layihəsinin məsləhətçisi Krister Daatlandı Universitet ilə əməkdaşlığının bitməsi münasibətilə qəbul edib. Universitetdən SİA-ya verilən xəbərə görə, rektor Səməd Seyidov görüşdə layihə məsləhətçisi Krister Daatlanda Azərbaycan Dillər Universitetində Pilot proqramın təkminləşməsində verdiyi töhfələrə, Skandinaviya mərkəzinin inkişafında göstərdiyi dəstəyə, əməkdaşlıq müddətində Norveç dilinin tədrisi üçün istifadə etdiyi yeni metodlara, həyata keçirdiyi müxtəlif layihələrə görə minnətdarlığını bildirdi.

Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında olan əməkdaşlıq layihəsinin xüsusi olduğunu vurğulayan rektor Səməd Seyidov hər il universitetin tələbə və müəllimlərinin Norveçin Oslo Universitetinin Yay məktəbində iştirak etdiklərini bildirdi. Rektor Norveç universitetləri ilə olan əlaqələr nəticəsində ADU-da Norveç dilinin mükəmməl şəkildə tədris olunduğunu və tələbələrin bu dilə marağının artdığını qeyd etdi. Rektor Krister Daatlandın universitetlə gələcəkdə də əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirdi.

Səmimi qəbula görə təşəkkür edən layihə məsləhətçisi Krister Daatland ADU ilə uzun müddətdir ki, əməkdaşlıq etdiyini bildirdi. O, ADU və Oslo Universiteti arasında olan layihənin hər iki ali təhsil müəssisəsi üçün önəmli olduğunu qeyd etdi, eyni zamanda Krister Daatland universitetdə fəaliyyət göstərən Skandinaviya mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə