Nazir: "Yay düşərgələrinin təşkili məsələsi nəzərdə tutulub" AÇIQLAMA

Nazir: "Yay düşərgələrinin təşkili məsələsi nəzərdə tutulub" AÇIQLAMA

"Cənab prezidentin tapşırığı ilə Xocasən qəsəbəsində müasir kampus tipli Pedaqoji Universitetin tikilməsi üçün hazırlıq işləri aparılıb". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

M. Cabbarov bildirib ki, tikinti işlərinə bir il öncə başlanılıb: "Artıq ərazinin master planı hazırdır. Master plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər ki, tikinti işləri də ona uyğun həyata keçiriləcək. Pedaqoji Universitetin bizim üçün əhəmiyyəti böyükdür. Bu universitet təhsil ocağı olmaqla yanaşı, eyni zamanda gələcəyin müəllimlərini yetişdirir. Bu baxımdan da ilk olaraq bu universitetdən başladıq".

M. Cabbarov həmçinin yeni təhsil strategiyası haqında da danışıb. Nazir qeyd edib ki, strategiyada yay düşərgələrinin təşkili məsələsi nəzərdə tutulub: "Bu da şagirdlərin asudə vaxtlarını, yay tətillərini səmərəli şəkildə keçirmələrinə kömək edəcək. Hazırda Nazirliyin tabeliyində heç bir yay düşərgəsi yoxdur. Ona görə də aidiyyəti qurumlarla əməkdaşlıq yolları axtarırıq ki, bu məsələyə yardımçı olaq. Ölkə Prezidentinin təşəbbüsü ilə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Buna misal olaraq Təhsil Nazirliyinin dəstəklədiyi və iştirak etdiyi "Azərbaycanımızı tanıyaq" layihəsini göstərə bilərik. Layihə çərçivəsində bir bölgədə oxuyan şagirdlər ölkənin digər bölgələrinə gedirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə