Şagirdlər sınağa çəkildi

Bakı şəhərində Heydər Əliyev adına liseydə, Sumqayıt şəhərində isə Texniki və təbiət təmayüllü gimnaziyada keçirilən imtahanda 200-yə yaxın istedadlı şagird iştirak edib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, imtahanın nəticələrinə əsasən, fərqlənən şagirdlər Təhsil Nazirliyi tərəfindən iyunun 5-dən 25-dək təşkil edilən yay olimpiada məktəbinə daxil olacaqlar. Yay olimpiada məktəbində şagirdlərə ağırlaşdırılmış dərs proqramı keçiriləcək. Bundan əlavə, şagirdlər üçün müvafiq sosial tədbirlər də təşkil ediləcək.

Qeyd edək ki, yay olimpiada məktəbinə Sumqayıt və Bakı şəhərləri üzrə riyaziyyat fənnindən 52 şagird, fizika fənni üzrə isə 32 şagird qatılacaq. Yay olimpiada məktəbi dövründə şagirdlər arasında rəqabətin artırılması məqsədilə bir neçə sınaq imtahanı keçiriləcək.

Yay məktəbinin sonunda şagirdlərə yekun imtahanı keçiriləcək və gələn tədris ili üçün azyaşlı məktəblilər arasında beynəlxalq olimpiadalara hazırlıq qrupları yaradılacaq. Həmin qruplara tədris ili boyunca xüsusi dərs proqramı istiqamətində hazırlıqların keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə