Növbəti buraxılış imtahanlarının tarixi bəlli oldu

Növbəti buraxılış imtahanlarının tarixi bəlli oldu

İyunun 6-da növbəti buraxılış imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dan SİA-ya verilən xəbərə görə Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcəkdir. Eyni zamanda Bakı şəhərinin Səbail və Nərimanov rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər. Bu imtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə mayın 22-dən etibarən çap edib götürüblər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur ki, burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Qeyd edək ki, IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15: 00 -da başlanır. Həmin gün 29379 (Sumqayıtda 3992, Abşeronda 3136, Mingəçevirdə 1178, Gəncədə 3126, Daşkəsəndə 300, Şəmkirdə 2473, Göygöldə 816, Samuxda 670, Gədəbəydə 968, Qazaxda 998, Ağstafada 896, Tovuzda 2139, Naftalanda 81, Goranboyda 1307, Şəkidə 2023, Zaqatalada 1379, Balakəndə 1077, Qəbələdə 1450, Qaxda 661, Oğuzda 594, həmçinin Bakı şəhər Nərimanov rayonunda 41, Səbail rayonunda isə 74) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunmasına ümumilikdə 183 imtahan rəhbəri, 2583 nəzarətçi-müəllim ayrılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə