Tələbəlik illəri insan ömrünün ən məsuliyyətli, ən şərəfli dövrüdür. Bu fikir Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən ənənəvi məzun günündə səsləndirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda elm və təhsilin inkişaf strategiyasının uğurlarından, muxtar respublikada gənclərin ali təhsil alması, yerli kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Rektor bildirib ki, insanın əqli, fiziki cəhətdən formalaşması, dünyagörüşü, intellekt qazanması, özünüdərki məhz tələbəlik dövrünə təsadüf edir. Ona görə də, NDU-nun çoxsaylı kollektivi, professor-müəllim heyəti tələbə gənclərin əsl ziyalı, kamil mütəxəssis, başlıcası isə layiqli vətəndaş kimi yetişməsi üçün var-qüvvələrini əsirgəməməlidir.
Qeyd olunub ki, 2014-2015-ci tədris ilində universiteti bakalavr pilləsi üzrə 928, magistratura üzrə 136 nəfər bitirib. 218 nəfər isə ikinci ali təhsili başa vurub. Builki məzunlardan 38 nəfəri xarici ölkə vətəndaşıdır.
Rektor, məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində, şəxsi həyatlarında nailiyyətlər arzu edib.
Tarix-filologiya fakültəsinin məzunu Svetlana Ağasoy, sosial idarəetmə və hüquq fakültəsində təhsilini uğurla başa vuran Ramazan Abdullayev vurğulayıblar ki, dövlətin tələbə gəncliyə göstərdiyi yüksək etimad və qayğını unutmayacaq, ölkənin, təhsil aldıqları ali məktəbin adını layiqincə doğruldacaqlar. Məzun günü incəsənət fakültəsinin, Tələbə Teatr Studiyasının hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.
İncəsənət fakültəsinin "Buta" xalq çalğı alətləri ansamblının müşayiəti, Elnur Rzayev, Bəhruz Quliyev, Nurbəniz Niftəliyeva, Aysel Eminli, Xalidə Məmişova və digərlərinin iştirakı ilə mahnı və rəqslər, şeirlər təqdim olunub.
Bayram əhval-ruhiyyəsində başa çatan tədbirin sonunda məzunlar səhnəyə dəvət olunub, məzun simvolu olan dördkünclü akademik
keplərin atılması mərasimi keçirilib, xatirə şəkilləri çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB