Dövlət İdarəçilik Akademiyasında məzun günü keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2015-ci il məzunlarının buraxılışı olub. SİA-nın məlumatına görə, məzun günündə Akademiyanın rektoru Urxan Ələkbərov, Milli Məclsin komitə sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı professor Musa Qasımlı və digər qonaqlar iştirak ediblər.

Tədbiri rektor, akademik Urxan Ələkbərov açaraq təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu təhsil ocağının son illər həyata keçirdiyi fəaliyyət barədə məlumat verib, məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Bildirilib ki, bu il Dövlət İdarəçilik Akademiyasından 188 bakalavr, 85 magistr pilləsini başa vuran gənclər məzun olub. Bakalavr pilləsindən məzun olan gənclərdən 14 nəfəri dörd il müddətində Prezident təqaüdü alan gənclərdir.

Təbrik üçün çıxış edən deputat Hadi Rəcəbli məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, DİA-nın bu gün müstəqil Azərbaycanda dövlət quruculuğununmöhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yerlərdən birini tutduğunu qeyd edərək vurğulayıb ki, müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafı sahəsində gördüyü uğurlu işlər, onun siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı, təhsil sahəsində qazanılan uğurlar, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi cənab prezidentimizin sistemli və uzaqgörən siyasətinin nəticəsidir. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyada tanınmasına, beynəlxalq aləmdə diqqət mərkəzində olmasına və daha da inkişaf etməsinə gətirib çıxaracaqdır. Ulu Öndərin dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlər, bu irsin tələbə və magistrlara öyrədilməsi istiqamətində Dövlət idarəçilik Akademiyası öz missiyasını müvəffəqiyyətlə həyata keçirir. Bu təhsil ocağı mənə çox əzizdir, çünki əvvəllər Partiya məktəbi adlanan bu binada təhsil almışam və hazırda bu təhsil ocağının professorluğundan şərəf duyuram. Ümid edirəm ki, DİA-nın ənənələrinə sadiq qalan məzunları öz bilik və bacarıqları ilə idarəçilik sahəsinə töhfələrini verəcək və laiqli dövlət məmuru olaraq bizi daim sevindirəcəklər. Əziz məzunlar mən sizi birdaha təbrik edir və gələcək karyeranızda uğurlar arzulayıram".

Tədbirdə Milli Məclisin deputatı, professor Musa Qasımlı, İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova, Siyasi İdarəetmə fakültəsinin dekanı, dosent Zaur Bağırov, İnzibati idarəetmə fakültəsinin dekanı, dosent Oqtay Əliyev və Magistratura pilləsi üzrə məzun Ülkər Vahidli, Siyasi-idarəetmə fakültəsi üzrə məzun Təbriz Raufoğlu çıxış edərək diplom alanları və valideyinləri təbrik ediblər.

Sonda məzunlarla Milli Məclisin deputatları və DİA-nın müəllim heyəti ilə xatirə şəkili çəkdirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə