İyunun 1-də Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, təhsil nazirinin "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" 2015-ci il 29 aprel tarixli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 3 min 511 vakant yer çıxarılıb. Həmin yerlərdən 3 min 202-si (91 faiz) Azərbaycan bölməsi, 309-u (9 faiz) isə rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer), ibtidai sinif (440 yer), biologiya (387 yer), fizika (359 yer), coğrafiya (341 yer) fənləri üzrədir.
Vakant yerlər daha çox Bakı şəhəri (473 yer), Cəlilabad (205 yer), Lerik (202 yer), Laçın (197 yer) və Quba rayonunun (184 yer) ümumi təhsil müəssisələrindədir. 2400 vakant yerə həvəsləndirmə tədbirləri tətbiq edilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az saytına, eləcə də Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, təlimatlar (elektron ərizənin doldurulması üçün video təlimat və təlimat, test suallarının cavablandırılması üçün təlimat), müsabiqə materialları (müsahibə proqramı, test nümunələri, simulyativ test) və vakansiyalar ilə tanış ola bilərlər. Namizədlər müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdırlar.
Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbulu iyunun 10-da saat 23.59-da başa çatacaq.
Müəllimlərin yerdəyişməsi yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə iyulun 1-dən işə qəbul üzrə sənəd qəbuluna başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB