Avstriya Mübadilə Xidməti-OeAD-ın rəhbəri ADU-da FOTO

Avstriya Mübadilə Xidməti-OeAD-ın rəhbəri ADU-da FOTO

Mayın 26-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Avstriya Mübadilə Xidmətinin-OeAD-nin rəhbəri Stefan Zottini qəbul etdi. ADu-dan SİA-ya verilən xəbərə görə, qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğu bildirdi. O, bu görüşün Azərbaycan Dillər Universiteti üçün tarixi görüş olduğunu vurğuladı. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor Səməd Seyidov Avstriya ilə Azərbaycan Dillər Universiteti arasında olan əlaqələrin xüsusi tarixi olduğunu vurğuladı. Rektor 12-13 il əvvəl universitetdə Avstriya Mədəniyyət Mərkəzinin açıldığını xatırlatdı. O, məhz bu mərkəzin əsasında Avstriya kitabxanasının açıldığını və həmin mərkəzin fəaliyyəti nəticəsində tələbələrin Avstriyaya təhsil almağa göndərildiklərini bildirdi. Rektor yeni açılacaq xidmətin müasir standartlara uyğun olacağına və yüksək səviyyədə fəaliyyət göstərəcəyinə əminliyini ifadə etdi, eyni zamanda bunun üçün bütün imkanların mövcudluğundan, yüksək səviyyəli mütəxəssislərin olduğundan söz açdı. Rektor Səməd Seyidov ötən ilin statistikasına əsasən yalnız 400 nəfər azərbaycanlı tələbənin Avsrtiyada müəyyən müxtəlif kurslarda iştirak etdiklərini və onların əksəriyyətinin də universitet vasitəsilə göndərildiklərini qonağın diqqətinə çatdırdı. Azərbaycan Dillər Universiteti ilə Almaniya arasında əlaqələrin olduğunu bildirən rektor Almaniyanın Frayburq Univesiteti, Göte İnstitutu ilə də əməkdaşlığından söz açdı.

Bakıda ilk dəfə səfərdə olduğunu bildirən OeAD-ın rəhbəri Stefan Zotti səmimi qəbula görə rektor, professor Səməd Seyidova təşəkkür etdi. O, Azərbaycana gəlməzdən öncə Azərbaycanda təhsil alan avstriyalı tələbələrin sayı ilə bağlı statistika apardığını bildirdi və onların sayının az olduğunu dedi. Qonaq bu əməkdaşlıq müqaviləsindən sonra Azərbaycanda təhsil alan avstriyalı tələbələrin sayının daha da artacağını vurğuladı. Stefan Zotti ikitərəfli əlaqələrin nəinki iqtisadi, eyni zamanda təhsil və mədəniyyət sahələrində də inkişaf edəcəyinə əminliyini ifadə etdi. OeAD-nin fəaliyətindən danışan Stefan Zotti Avstriya Mübadilə Xidmətinin əlaqələrin çoxşaxəli inkişafına səbəb olacağını qeyd etdi. O, Avstriya ilə əlaqələrin yalnız iqtisadi yox, həm də akademik səviyyədə olmasını istədiyini sözlərinə əlavə etdi.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkili, ikitərəfli əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, görüşdə OeAD-ın Xarici Əlaqələr şöbəsinin (İCM) rəhbəri Christine Yuen də iştirak edirdi.

Onu da qeyd edək ki, görüşdən sonra qonaqlar universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə