ADU-da Avstriya Mübadilə Xidməti fəaliyyət göstərəcək FOTOLAR

ADU-da Avstriya Mübadilə Xidməti fəaliyyət göstərəcək FOTOLAR

Mayın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avstriya Mübadilə Xidmətinin-OeAD-informasiya mərkəzinin (Österreichischer Austauschdienst) nümayəndələri ilə görüş keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, ADU-nun Alman dilinin tərcüməsi kafedrasının baş müəllimi Səfa Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Pedoqoji (ingilis dili və alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov, OeAD-ın rəhbəri Stefan Zotti, OeAD-ın Xarici Əlaqələr şöbəsinin (İCM) rəhbəri Christine Yuen, Avstriyanın Azərbaycandakı səfirliyinin və Milli "Erasmus+" ofisinin əməkdaşı, ölkənin digər ali təhsil müəssisələrindən nümayəndələr, o cümlədən ADU-nun professor-müəllim heyəti iştirak edirdi.

Tədbirdə ADU-nun rektoru, professor Səməd Seyidov Azərbaycan ilə Avstriya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. ADU-da fəaliyyət göstərəcək Avstriya Mübadilə Xidmətinin gələcək pespektivlərindən danışan rektor Səməd Seyidov bu xidmətdən yalnız ADU tələbələri deyil, həmçinin alman dili üzrə təhsil alan, dili öyrənmək istəyən hər kəsin yararlanmaq imkanı olduğunu qeyd etdi. O, Avstriya Mübadilə Xidmətinin OeAD-informasiya mərkəzinin yaradılmasının Azərbaycanda ilk addım olduğunu söylədi. Ölkəmizdə fransızdilli və ingilisdilli orta məktəblərin fəaliyyət göstərdiyini deyən rektor Səməd Seyidov bu təşəbbüsün almandilli orta məktəbin yaradılmasına da zəmin yaradacağına əminliyini ifadə etdi.

Bu görüşdən məmnunluq hissi keçirdiyini bildirən OeAD-ın rəhbəri Stefan Zotti ADU-da fəaliyyət göstərən Avstriya kitabxanasının maraqlı kitablarla zənginləşdirildiyini vurğuladı. O, Avstriya Mübadilə Xidmətinin OeAD-informasiya mərkəzinin yaradılmasının ikitərəfli əlaqələrin intensiv inkişafına böyük töhfə olacağını dedi. Elmin sərhəd tanımadığını deyən S. Zotti bugün qurulan əlaqələrin qarşılıqlı əməkdaşlağın başlanğıc nöqtəsi olduğunu bildirdi. Əməkdaşlığın davamlı və inkişafyönümlü olmasını arzulayan Stefan Zotti mərkəzin yaradılmasının elm sahəsində töhfələr verməyə, Azərbaycan və Avstriya arasında əlaqələrin inkişafına nail olacağını dedi.

Sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov qeyd etdi ki, təhsil və mədəniyyət qədər ölkələri bir-birinə yaxınlaşdıran ikinci bir amil yoxdur. BMT-nin XXI əsri təhsil əsri adlandırdığını vurğulayan S. Gözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"haqqında danışdı. Bu proqram çərçivəsində 3200 Azərbaycan gəncinin dünyanın aparıcı universitetlərində təhsil aldığını söyləyən S. Gözəlov proqramın ikinci mərhələsinin isə 2016-2020-ci illəri əhatə edəcəyini vurğuladı. Hal-hazırda Azərbaycan gənclərinin dövlət proqramı çərçivəsində Avstriyanın müxtəlif aparıcı təhsil ocaqlarında təhsil aldıqlarını söyləyən S. Gözəlov bunun Azərbaycan və Avstriya arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

Avstriya Mübadilə Xidmətinin yaranması haqqında qısa məlumat verən ADU-nun Alman dilinin tərcüməsi kafedrasının baş müəllimi Səfa Əliyeva bu xidmətin 1961-ci ildə yarandığını, əsas məqsədinin isə xarici tələbələrin Avstriyada olduğu müddətdə onlara dəstək olmaqdan ibarət olduğunu dedi. Avstriya Mübadilə Xidmətinin təkcə Avstriyada deyil, digər ölkələrdə də fəaliyyət göstərdiyini söyləyən S. Əliyeva bu xidmətin müxtəlif təqaüd proqramlarını ( Frans Werfel, Ernst Mach, Richard Plaschka) təklif etdiyini vurğuladı. O, Avstriya Mübadilə Xidmətinin rəsmi internet saytı olan www.oead.at ünvanına daxil olaraq ətraflı məlumat ala biləcəklərini iştirakçıların diqqətinə çatdırdı.

Tədbirin sonunda ADU-nun nəzdində OeAD-informasiya mərkəzinin yaradılmasına və fəaliyyətinə dair universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov və OeAD-ın rəhbəri Stefan Zotti arasında müqavilə imzalandı. Müqaviləyə əsasən Azərbaycan və Avstriya arası tələbə mübadiləsinin inkişafı üçün Avstriya təhsil və təqaüd proqramları haqqında mütəmadi konsultasiyalar, birgə layihələrin həyata keçirilməsi ilə bağlı digər Avstriya nümayəndəlikləri (xüsusən də Bakıda yerləşən Avstriya səfirliyi, Avstriya İqtisadiyyat Palatasının Bakıdakı Nümayəndəliyi, Avstriya kitabxanası ilə ) eləcə də mədəniyyət və təhsil sahəsində fəaliyyət göstərən vasitəçi Azərbaycan təşkilatları ilə əlaqələrin yaradılması, ali məktəblərlə keçiriləcək görüş proqramlarının təşkili, Avstriya kitabxanası ilə birgə Azərbaycan universitetlərində sərgilərin, mühazirələrin, film və musiqi tədbirlərinin, eləcə də Azərbaycanda keçirilə biləcək elmi konfransların və simpoziumların təşkili qaydaları nəzərə alınaraq Azərbaycan Dillər Universitetinin nəzdində Avstriya Mübadilə Xidməti-OeAD (Österreichischer Austauschdienst) fəaliyyətə başladı.

Xatırladaq ki, OeAD - Avstriya Mübadilə Xidməti - təhsil, elm və tədqiqat sahələrində geniş proyektlər həyata keçirir, beynəlxalq əməkdaşlıq və mübadilələr aparır və bir sıra təqaüdlər təklif edir. OeAD-nin fəaliyyət dairəsinə yalnız ali məktəblər deyil, həmçinin bütün digər təhsil ocaqları da daxildir. OeAD müxtəlif ali və orta məktəblərarası mübadilə və əməkdaşlıq yaratmaqda vasitəçi rol oynayır və Avstriya təhsilini, elmini və tədqiqat işlərini bütün dünyada tanıdır və yayır, eyni zamanda mübadilə nəticəsində digər ölkələrin də təcrübəsindən faydalanır. Təklif etdiyi təqaüdlərdən yalnız tələbələr deyil, həmçinin müəllimlər və elmi işçilər də yararlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə