Mayın 26-da Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Türkiyənin Selçuk Univerisitetinin rektoru, professor Hakkı Gökbeli qəbul edib. Universitetdən SİA-ya verilən xəbərə görə, A. Hacıyev qonağa BSU-nun yaranma tarixi, habelə burada türk dili və mədəniyyətinə, onun tədrisinə göstərilən diqqətdən danışıb. Bakı Slavyan Universitetinin bir sıra tanınmış xarici təhsil ocaqları ilə əməkdaşlıq etdiyini deyən rektor bildirib ki, bu əməkdaşlıq qardaş ölkə sayılan Türkiyə ilə də özünü göstərir. Asif Hacıyev ali təhsil müəssisəsində fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyətini, o cümlədən BSU ilə Türkiyənin Qafqaz Universiteti, Qazi Universiteti, Ankara Universiteti, İstanbul Kültür Universiteti və başqaları arasında əməkdaşlıq haqqında bağlanan müqavilələrin əhəmiyyətini xüsusilə vurğulayıb.
Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən professor Hakkı Gökbel Bakı Slavyan Universitetinin uğurlarından məmnun qaldığını qeyd edib. Qonaq, eyni zamanda rəhbərlik etdiyi Selçuk Universitetinin fəaliyyətindən söhbət açıb. Bildirib ki, Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlıqdan razıdır.
Görüş çərçivəsində tələbə - müəllim mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlığın perspektivləri, digər müvafiq sahələrdə əməkdaşlıq üzrə müzakirələr aparılıb. Kadr mübadiləsinin, birgə seminarların və konfransların keçirilməsinin hər iki tərəf üçün faydalı olacağı söylənilib.
Selçuk Universitetinin rektor yardımçısı professor, Dr. Mehmet Musa Özcan, Qafqaz Universititetinin tədris işləri üzrə prorektoru, professor, Dr Cihan Bulut da görüşdə iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB