Mikayıl Cabbarov: “2020-yə qədər 12 illik orta təhsil sisteminə keçiləcək”
Bu gün Asiya İnkişaf Bankı ( AİB) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 12 illik təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyası mövzusunda regional forum keçirilib. SİA-nın məlumatına görə, konfransda əsasən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsil sistemi təhlil olunub.
Konfransda Təhsil naziri Mikayıl Cabbarov çıxışı edərək qeyd edib ki, keçirilən tədbir regionda təhsil sisteminin yüksəldilməsi ilə insan resurslarının inkişaf etdirilməsi mövzusunda regional dialoqun aparılmasına bir təkan olacaq: "Yeni təhsil sisteminin qurulmasında əsas məqsədimiz təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, hər kəs üçün təhsili əlçatan etməkdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik təhsil sisteminə keçidlə bağlı müddəa yer alır ki, burada da Azərbaycanın 2020-ci ilə qədər milli inkişaf strategiyasında 12 illik orta təhsil sisteminə keçid və şagirdlərin 16 yaşına qədər məcburi məktəbdə oxumaları nəzərdə tutulur".
Konfransda iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaxas iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb. O qeyd edib ki, sağlam cəmiyyətin qurulması, inkişaf etdirilməsi üçün təhsil vacib amillərdəndir: "Azərbaycanda bu sahədə inkişafı görməmək mümkün deyil. Müsbət yöndə irəliləyişlər hiss edilməkdədir".
Daha sonra Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliyyə və Ticarət sektorunun direktoru Betty Uilkinson və digər çıxışçılar da 12 illik təhsil sistemi ilə bağlı fikirlərini bildiriblər.
Forum mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB