BANM-da semestr imtahanlarını britaniyalı müəllimlər keçirirlər

BANM-da semestr imtahanlarını britaniyalı müəllimlər keçirirlər

Bakı Ali Neft Məktəbində (BANM) yay imtahan sessiyası britaniyalı müəllimlər tərəfindən keçirilir. BANM-dan bildirilib ki, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil alan tələbələrin semestr imtahanları həmin universitetdəki imtahanlarla paralel təşkil edilir. Bu, elektron resurslar vasitəsilə iki ölkənin ali təhsil müəssisələrinin tələbələri arasında imtahan suallarının cavabları mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir. İmtahanlar BANM-da neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

BANM Azərbaycanda yeganə ali məktəbdir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir. Heriot-Vatt Universitetindən Bakı Ali Neft Məktəbinə ezam edilmiş beş müəllim - mühəndislik və təbiət elmləri fakültəsinin tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, həmin fakültənin akademik keyfiyyət üzrə direktoru Cilian Tomson, təlim və tədris üzrə menecer Patrisiya Dankan, BANM ilə layihələr üzrə administrator Ayren Foks, fakültənin mühəndislik proqramı direktorunun köməkçisi Aleksandr Bel tərtib olunmuş suallar əsasında imtahanları təşkil edir və bu prosesi nəzarətdə saxlayırlar. Tələbələrin yazılı cavabları qiymətləndirilmək üçün Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu cür təşkili nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə