“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” YENİLƏNİB

“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” YENİLƏNİB

Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunan "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda təlim-konfrans keçirilib. SİA xəbər verir ki, təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin təmsilçiləri, təhsillə bağlı QHT nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak edib. Təlim-konfransda İctimaiyyətlə əlaqələr (PR) və təhsil, İctimaiyyətlə əlaqələr (PR) sahəsində yeni tələblər və çağırışlar, təhsil sahəsində informasiya kampaniyalarının təşkili və keçirilməsi, media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, İctimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı müzakirələr aparılıb, təqdimatlar dinlənilib və təlimlər keçirilib.

Giriş sözü ilə çıxış edən Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov bildirib ki, media ixtisaslaşmış olmalıdır: "İxtisaslaşmış jurnalistikanın inkişafı, bir çox sahələrdə inkişafa səbəb ola bilər. Bu işin sağlam olması üçün vacibdir. İxtisaslaşmış media təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinə səbəbdir".

"ATV" telekanalının prezidenti Vüqar Qaradağlı isə bildirib ki, kanal media strukturu kimi təhsilin inkişafına dəstək verir: "Təhsili ordu adlandırmaq olar. Təhsilin gücü peşəkar milli kadrlar yaratmaqdır".

Təhsil Nazirliyinin İnformasiya Şöbəsinin müdir müavini Cəsarət Valehov konfrans haqqında məlumat verib: "Günün ikinci yarısında təlim-konfrans iştirakçılarının "Bakı-2015" I Avropa Oyunlarının Mətbuat Kəndinə və Milli Gimnastika Arenasına səfəri təşkil olunacaq".

APA holdinqin prezidenti Vüsalə Mahirqızı isə Azərbaycanda kifayət qədər yeni standartlara cavab verən universitetlər olduğunu diqqətə çatdırıb: "Media ilə təhsilin uğuru o zaman üzə çıxır ki, media təhsil sahəsində olan tənqid ilə bağlı həmin qurumun mətbuat xidməti ilə əlaqə qura bilsin. Təhsil müəssisələrinin mətbuat xidmətləri aktiv fəaliyyət göstərməlidir".

Tədbir bu istiqamətdə müzakirələrlə davam edib.

Qeyd edək ki, bu təlim-konfrans Təhsil Nazirliyinin "Media və təhsil dialoqu" çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə