Mayın 17-də Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası II və III qrup üzrə ali təhsil müəssisələrinə ərizə vermiş əvvəlki illərin məzunları üçün imtahan keçirəcək.
Bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. O qeyd edib ki, artıq qurumda imtahana hazırlıqla bağlı istər təşkilati, istərsə də metodiki baxımdan hazırlıq işləri yekunlaşmaq üzrədir.
E.Nağızadə qeyd edib ki, hazırda imtahana cəlb olunacaq nəzarətçilər və imtahan rəhbərləri üçün son treninqlər keçirilir: "Mayın 16-da isə TQDK-nın, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət işçi heyətləri imtahan mərkəzlərinə baş çəkərək, hazırlıq səviyyələrini yoxlayacaq və mərkəzi möhürləyərək mühafizəyə verəcəklər".
Onun sözlərinə görə, 16.070 nəfər abituriyent imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib: "Respublikanın 11 şəhərində keçiriləcək imtahan üçün 30 mərkəz ayrılıb. II və III qruplar üçün ərizə verən abituriyentlərin sayı təxminən eyni səviyyədədir. 7.142 nəfər II qrup üzrə, 7.942 nəfər isə III qrup üzrə ərizə verib".
Abituriyetlərə xəbərdarlıq edən TQDK sözcüsü bildirib ki, onlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq özləri ilə gətirsinlər: "Bunlardan hər hansı biri olmadıqda isə imtahana buraxılmayacaqlar. Onlar özləri ilə yardımçı vasitələr, yəni, mobil telefon, konspekt, kalkulyator və bu əşyalar gətirməsinlər. Hər hansı bir abituriyentin üzərindən bu vasitələrdən biri aşkar olunarsa, barəsində akt tərtib olunacaq və imtahandan uzaqlaşdırılacaq. Mərkəzlərdə onların öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB