Mayın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) şərqşünas alim Könül Bünyadzadənin "İnsan: Kamilliyin arxitektonikası" adlı kitabının təqdimat mərasimi keçirilbi.ADu-dan SİA-ya verilən xəbərə görə, ADU-nun İnformasiya Resurs Kompleksinin müdiri Şəhla Xudiyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində universitetin professor-müəllim heyəti, AMEA-dan nümayəndələr və Könül Bünyadzadənin anası iştirak edib.
Rəhbərlik etdiyi Kompleks haqqında məlumat verən Şəhla Xudiyeva 2008-ci idən etibarən fəaliyyət göstərən İRK-nın strategiyası, elmi bazaları, keçirilən təlimlər və tədbirlər haqqında danışdı. Kompleksdə daim kitab təqdimatlarının keçirildiyini deyən Ş.Xudiyeva "İnsan: Kamilliyin arxitektonikası" adlı kitab haqqında fikirlərini söylədi və gənc tədqiqatçılar üçün yararlı olacağını qeyd edib.
AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov ölkənin uzun müddətli, daha dayanıqlı, ciddi tərəfdaş kimi tanıdılması üçün elm və təhsil sisteminin inkişaf etməsinin lazım olduğunu dedi. Ölkəmizin bu sahədə söz sahibi olduğunu dünya miqyasında sübut etməyin vacibliyindən danışaraq uzaq hədəfli tədqiqatlara böyük ehtiyac olduğunu bildirən professor S. Xəlilov kitabda yer alan mövzular haqqında danışıb.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Sosiologiya və sosial psixologiya" şöbəsinin müdiri, əməkdar elm xadimi, professor Rəfiqə Əzimova tədbirin təşkilini yüksək qiymətləndirdi. O, indiki dövrümüzə qədər gəlib çatan fəlsəfi mirasların Könül Bünyadzadənin müəllifi olduğu kitabda məharətlə verildiyini, ağıl, ürək və intellektin birləşməsindən yaranan gözəl nəticə olduğunu söyləyib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Cahangir Məmmədli çıxışında hər fikrin fəlsəfi ümumiləşmə məqamı olduğunu deyərək adıçəkilən kitabın fəlsəfi təlimlərdən keçdiyinin hiss olunduğunu bildirdi. Kitabı heyrət və məhəbbətlə oxuduğunu söyləyən C.Məmmədli orada toxunulan məsələlərə fikrini bildirib.
Kitabın müəllifi Könül Bünyadzadə tədbirin keçirilməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirdi. O, ADU ilə daim bağlılıqlarının olduğunu söyləyərək qardaşı 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin də bu ali təhsil müəssisəsinin tələbəsi olduğunu xatırlatdı. Müşahidələri əsasında yazdığı kitabın yazılma prosesindən, toxunduğu mövzulardan söz açıb.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Qeyd edək ki, sözügedən kitab AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının 12 noyabr 2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət bilinib. Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. 2014-cü ildə "Zərdabi LTD" Nəşriyyat Poliqrafiya müəssisəsində çapdan çıxan kitab 496 səhifədən ibarətdir. Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi. "Kamil insan-xəyal yoxsa reallıq?" və "Kamil insan probleminin tarixi və ya insanın tənəzzülü" mövzularında iki hissədən ibarət olan kitabda kamillik-ruh hadisəsi kimi, kamillik və cəmiyyət, orta əsrlərdə kamilliyin meyarları, XVII-XIX əsrlərdə kamil insan problemi, XX-XXI əsrlərdə insan fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstində araşdırılır.
Onu da qeyd edək ki, Fəlsəfə elmləri doktoru Könül Bünyadzadə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Malayziya, Yunanıstan, Cənubi Koreya, Əlcəzair və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanı təmsil edib. Dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, rus, ingilis, ərəb və s. dillərində elmi məqalələri çıxıb. Azərbaycanda və xarici ölkələrdə 7 kitabı, 100-dən artıq məqaləsi işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosiasiyasının, "Fəlsəfə" jurnalının elmi katibi, Beynəlxalq Fenomenologiya İnstitutunun, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Oksford "Mühyiddin İbn Ərəbi Cəmiyyəti"nin, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO-nun nəzdindəki Filosof Qadınlar Cəmiyyətinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB