Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin 132-ci qrup tələbəsi Cəmilə Əliyeva Rumıniyanın Kluj-Napoka şəhərində təşkil olunmuş fransızdilli tələbələrin festivalında iştirak edib. Universitetdən SİA-ya verilən xəbərə görə, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun razılığı ilə universitetin Fransız dilinin leksikologiyası kafedrasının Fransızdilli universitetlərin agentliyinə (AUF-Agence universitaire de la Francophonie) qəbul olunması üçün hazırladıqları layihəyə cavab olaraq Agentlik özünün təşkilatçılığı ilə keçirilən "Mərkəzi və Şərqi Avropada fransızdilli tələbələrin festivalı"nda ADU tələbələrinin iştirak etməsi təklifi ilə müraciət edib. Bu müraciətə əsasən festivalda iştirak edəcək tələbələrin seçim müsabiqəsi keçirilib. ADU-nun Pedaqoji (ingilis dili-fransız dili) və Tərcümə fakültəsində təhsil alan 20 nəfərdən çox tələbənin iştirak etdiyi müsabiqənin I mərhələsində tələbələrin ölkəmizi fransız dilində təmsil etmə bacarığı yoxlanılıb. Öz bacarıqlarını hazırladıqları təqdimatlarla nümayiş etdirən tələbələrin içərisindən 5 nəfər seçilib. Agentliyin Mərkəzi Bürosu tərəfindən onlayn həyata keçirilən müsabiqənin II mərhələsində tələbələrdən Cəmilə Əliyeva Rumıniyada keçirilən festivalda iştirak etmək şansı əldə edib.
Festivalda Cəmilə Əliyeva Azərbaycanın coğrafi mövqeyi, mətbəxi, mədəniyyəti, təbiəti, görməli yerləri haqqında məlumatı özündə əks etdirən təqdimatla ölkəmizi və universitetimizi təmsil edib.
Tələbəmiz festival çərçivəsində "Vaterloda yalnız, müqəddəs Elendə yalnız" adlı dərnəkdə, "Frankofoniyanın vacibliyi" adlı dəyirmi masada, "Öyrənmək, öyrətmək və rəqəmsal axtarış etmək" adlı konfransda iştirak edib.
Cəmilə Əliyeva festival zamanı Türkiyə, Gürcüstan, Moldova, Qazaxıstan və digər ölkələrin təqdimatlarının nümayiş olunduğu "Ölkəmin rəngləri" adlı nahar yeməyində müxtəlif ölkələr haqqında məlumatlar da əldə edib.
Bundan əlavə, C. Əliyeva Kluj-Napoka şəhərinə ekskursiya zamanı şəhərlə yaxından tanış olub, ətraflı məlumat əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB