Mayın 4-də Azərbaycan Dillər Universitetində (ADU) "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda respublika elmi-praktiki konfransı öz işinə başlayıb. Universitetdən SİA-ya verilən xəbərə görə, konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov konfransın həm universitet, eyni zamanda orta məktəblər üçün vacib olduğunu bildirdi. O, "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda keçirilən konfransı universitetin illik hesabatı adlandıraraq bunun artıq bir ənənəyə çevrildiyini sözlərinə əlavə etdi və konfransın materiallarının kitab şəklində nəşr olunduğunu vurğuladı. Rektor Səməd Seyidov universitetin orta məktəblərlə əlaqələr qurduğunu, pedaqoji təcrübəyə yeniliklər gətirdiyini qeyd etdi. Elmin ümumbəşəri olduğunu deyən rektor Səməd Seyidov universitetdə çalışan professor və müəllimlərin tədris prosesi zamanı həm özlərinin yeni metodlarından, eyni zamanda dünya universitetlərində olan yeniliklərdən istifadə etdiklərini vurğuladı. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor, professor Səməd Seyidov Azərbaycan Dillər Universitetində Strasburq və Esseks universitetlərinin professor-müəllim heyətinin öz metodlarından istifadə edərək tələbələrə fənni tədris etdiklərini bildirdi. ADU tələbələrinin xarici ölkələrdə təhsillərini davam etdirdiyini deyən rektor, professor Səməd Seyidov universitet hesabına yeni tədris ilində 10 nəfər tələbənin Çin Xalq Respublikasında təhsil almağa göndəriləcəyini də sözlərinə əlavə etdi.
Konfransın ali və orta məktəbi bir-birinə daha da yaxın edəcəyini vurğulayan rektor Səməd Seyidov çıxışının sonunda iştirakçılara uğurlar arzu etdi.
İki gün davam edəcək konfransın plenar iclasında ADU-nun müəllimləri Xədicə Cəfərova "Xarici dillərin tədrisində innovativ metodlardan istifadə", Aytac Məmmədova "Dildə "yalançı dostlar" problemi", Gilə Hüseynli "Amerika postmodern ədəbiyyatında", Sənubər Zeynalova "Xarici dillərin tədrisi zamanı metaforaların koqnitiv-sintaktik interpretasiyası" mövzularında məruzə ilə çıxış etdilər.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında konfrans iştirakçılarını tanış etdi. O, bu il keçirilən konfransın əvvəlki illərdən
fərqləndiyini bildirdi. Prorektor bu il orta məktəblərdən konfransda iştirak etmək üçün məqalələrin sayının artdığını, 20-dən çox ali təhsil ocağından tezislərin qəbul olunduğunu vurğuladı.
Bununla da ADU-da keçirilən "Xarici dillərin tədrisinin aktual problemləri" Respublika konfransının plenar iclası başa çatdı.
Konfrans öz işini "Dilin dünya xəritəsində rolu", "Formal və qeyri-formal təhsildə xarici dillərin tədrisinin aktual problemləri", "İKT-nin xarici dillərin tədrisində rolu: üstünlüklər və çətinliklər", "Xarici dillərin və ədəbiyyatın tədrisində innovativ metodlardan istifadə yolları" bölmələrində davam etdirir. Bölmələrdə ümumilikdə 140-a yaxın məruzə dinləniləcək və müzakirələr aparılacaq.
Konfrans Mayın 5-də ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini bölmə rəhbərlərinin hesabatları və yekun sənədin qəbul edilməs ilə başa çatdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB