Bu gün Təhsil Nazirliyində mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi şöbəsinin müdiri Emin Əmrullayev iştirak ediblər. Konfransda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə müsabiqə, məktəblilərin fənn Olimpiadaları, SABAH qrupları üzrə imtahanlar, təhsil müəssisələrinin təchizatı, birinci sinfə elektron qəbul, ibtidai sinif müəllimlərinin iştirak etdiyi "Təməl" proqramı və elektron dərsliklər sahəsində yeni layihələr barədə jurnalistlərə məlumat verilib.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində keçirilən son müsabiqə barədə məlumat verən Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli qeyd edib ki, 15 apreldən sənədlər qəbul edilir və bu prosses iyulun 15-nə kimi davam edəcək: "Elektron ərizədə dəyişiklik edilib ki, bununla da tələbələrin əlavə sənəd toplamalarına ehtiyac qalmayacaq. O cümlədən tələbələr zaman itkisindən də şikayətlənməyəcəklər. Çünki bütün iş elektron qaydada həyata keçirilir". O, həmçinin əlavə edib ki, keçən il elan olunan müsabiqənin nəticələrinə görə 573 tələbə xaricdə təhsil almaq hüququ qazanıb. Bu il bu rəqəmləri daha da yüksəltməyi qarşımıza əsas məqsəd qoymuşuq. Gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2015-2016-cı tədris ili üçün müsabiqə elan olunub".
Nazirlik rəsmisi qeyd edib ki, "Azərbaycan 2020: Gələcəyə baxış konsepsiyası"na uyğun olaraq yeni dövlət proqramının hazırlanması nəzərdə tutulub: "Bu da bir növ əvvəlki proqramın davamı kimi nəzərdə tutulub. Proqram çərçivəsində əcnəbi professor-müəllim heyətinin ölkədə dərs keçmələrinə də diqqət yetiriləcək. Hazırda layihə hökumətə təqdim olunub".
Daha sonra çıxış edən Nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, SABAH qruplarına keçirilən müsabiqə zamanı bu il 1 630 tələbə I mərhələdə iştirak edib: "Onlardan da 1277 nəfəri müsahibə mərhələsinə keçib. Bu ildən daha bir yenilik isə ondan ibarətdir ki, ilk dəfə SABAH qruplarında mədəniyyət və incəsənət ixtisası üzrə qəbul həyata keçiriləcək".
Tədbirdə həmçinin qeyd olunub ki, Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılmasına başlanıb.
Gündəlikdə duran digər məsələlər barədə Təhsil Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri geniş açıqlama verdikdən sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB