2015-2016-cı illərdə xaricdə təhsillə bağlı yenilik var KONFRANS

2015-2016-cı illərdə xaricdə təhsillə bağlı yenilik var KONFRANS

Bu gün Təhsil Nazirliyində mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi şöbəsinin müdiri Emin Əmrullayev iştirak edirlər.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində keçirilən son müsabiqə barədə məlumat verən Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli deyib ki, 15 apreldən sənədlər qəbul edilir: "Sənəd qəbulu iyulun 15-nə kimi davam edəcək. Elektron ərizədə dəyişiklik edilib. Artıq tələbələrin əlavə sənəd gətirməsinə ehtiyac qalmayıb. Çünki bütün iş elektron qaydada həyata keçirilir". O, həmçinin əlavə edib ki, keçən il elan olunan müsabiqənin nəticələrinə görə 573 tələbə xaricdə təhsil almaq hüququ qazanıb. Nazirlik rəsmisi qeyd edib ki, bu il adıçəkilən dövlət proqramının vaxtı bitir: " " Azərbaycan 2020: Gələcəyə baxış konsepsiyası"na uyğun olaraq yeni dövlət proqramının hazırlanması nəzərdə tutulub. Bu da əvvəlki proqramın davamı kimi olacaq. Burada əsasən dar ixtisaslar üzrə kadrların xaricdə təkmilləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda proqram çərçivəsində əcnəbi professor müəllim heyətinin ölkədə dərs demələrinə diqqət yetiriləcək. Hazırda layihə hökumətə təqdim olunub". Daha sonra çıxış edən Nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, SABAH qruplarına keçirilən müsabiqə zamanı bu il 1 630 tələbə I mərhələdə iştirak edib. Onlardan 1277 nəfəri müsahibə mərhələsinə keçib. Bu ildən daha bir yenilik odur ki, ilk dəfə SABAH qruplarında mədəniyyət və incəsənət ixtisası üzrə qəbul həyata keçiriləcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə