Bu gün Bakıda stolüstü tennis üzrə məktəblilərarası zona yarışının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov,"Təhsil" Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət himni ilə öz işinə başlayan mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov zona yarışları barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, Təhsil Nazirliyi I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək məqsədi ilə ölkəmizin bütün bölgələrini əhatə edən zona yarışlarına start verib: "Bu yarışların məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bədən tərbiyəsinin və idmanın rolunun artırılmasında müstəsna rolu var. "Bakı 2015" I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə təşkil olunan yarışlar mayın sonunadək davam edəcək və bu yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı gözlənilir".
İndiyədək 10-dan çox bölgədə belə kütləvi idman tədbirinin keçirildiyini xatırladan nazir müavini məktəblilərin fəallığını yüksək qiymətləndirib. Firudin Qurbanov məktəblilər arasında bütün ölkəni əhatə edən belə kütləvi idman tədbirinin ilk dəfə keçirildiyini vurğulayıb.
Çıxış edən "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov belə yarışların keçirilməsini stolüstü tennisin təbliği və inkişaf etdirilməsinə, eyni zamanda yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verdiyini qeyd edib.
Rəsmi mərasimdən sonra yarışa start verilib. Zona yarışında 12 komandanın tərkibində 100-ə yaxın tennisçi mübarizə aparıb. Müxtəlif yaş qruplarından olan məktəblilər qalibiyyət uğrunda yüksək əzmkarlıq göstərərək öz bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Bakı şəhərində start verilən zona yarışları mayın 1-dən 3-dək Salyanda, 5-dən 7-dək Gəncədə, 13-dən 15-dək Şirvanda, 17-dən 19-dək Sumqayıtda, 21-dən 23-dək Şəkidə davam etdiriləcək. Sonda qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB