Zona yarışlarında 6 min nəfərdən çox şagirdin iştirakı gözlənilir

Zona yarışlarında 6 min nəfərdən çox şagirdin iştirakı gözlənilir

Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilən kütləvi idman tədbirləri davam edir. Təshil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 24-dən 27-dək Xaçmazda atletika, Şəmkirdə güləş, Şirvanda karate, Qusarda cüdo və Cəlilabadda basketbol üzrə zona yarışları keçirilib.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən atletika üzrə zona yarışında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının və Sumqayıt şəhərinin komandaları mübarizə aparıb. 1-ci yeri Xaçmaz rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri isə Qusar rayonunun komandaları tutublar.

Şəmkir Olimpiya İdman Kompleksində baş tutan güləş üzrə zona yarışlarında idmançılar güləşin hər iki növü üzrə 5 çəki dərəcəsində (sərbəst güləş: 26, 32, 38, 47, 59 kq., yunan-roma güləşi: 23, 29, 35, 42, 53 kq.) mübarizə aparıblar. Qalib adı uğrunda mübarizəyə respublikanın 18 şəhər və rayonundan 178 güləşçi qatılıb.

Şirvan Olimpiya İdman Kompleksində keçirilən yarışlarda isə Şirvan şəhərinin, Sabirabad, Ucar, Beyləqan, Xocəvənd, Ağcəbədi, Zərdab və Laçın rayonlarının komandaları iştirak edib. Yarışlarda 150 nəfərdən artıq idmançı karatenin Şotokan və Qocyu-ryu növü üzrə mübarizə aparıblar. Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xocavənd, 2-ci yeri Zərdab, 3-cü yeri Laçın, Qocyu-ryu növü üzrə isə 1-ci yeri Şirvan, 2-ci yeri Beyləqan, 3-cü yeri Hacıqabul rayonunun komandaları tutublar.

Qusarda cüdo üzrə zona yarışına start verilib ki, orada da Xaçmaz, Quba, Qusar, Şabran, Xızı rayonlarından və Sumqayıt şəhərindən 92 məktəbli iştirak edib. Komanda hesabında 1-ci yeri Qusar, 2-ci yeri Şabran rayonunun, 3-cü yeri Sumqayıt şəhərinin komandaları tutublar.

Cəlilabad rayonunda basketbol idman növü üzrə keçirilən zona yarışına 10 rayonun komandaları qatılıb. Gərgin mübarizə şəraitində keçən görüşlərin nəticələrinə əsasən, 1-ci yeri Cəlilabad, 2-ci yeri Salyan, 3-cü yeri Lənkəran rayonunun komandaları tutublar.

Zona yarışlarının qalibləri Təhsil Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıb.

Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan bu yarışlar mayın sonunadək davam edəcək. 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulan zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə