Bu gün Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika fənn olimpiadasının keçirilməsini onların müxtəlif fənlərə marağının artırılması, istedadlı məktəblilərin aşkara çıxarılması baxımından yüksək dəyərləndirib: "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" istedadlı uşaqların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirir. Olimpiadada 23 bölgədən şagirdlər gəlib ki, bu da sevindiricidir. Bu il tədbirdə 22 min şagird iştirak edib. Bu da ötən ilə nisbətən 4 dəfə çoxdur. Eyni zamanda qızıl medal qazanan 14 şagirdimiz də bu olimpiadada öz biliklərini sınayıblar".
M. Cabbarov onu da qeyd edib ki, bu il Azərbaycanda yarış və olimpiadaların keçirilməsi ilidir: "Bildiyiniz kimi iyun ayında Bakıda I Avropa Oyunları reallaşacaq ki, bu da tariximizdə bir ilk olacaq. Həmçinin, gələn ay ölkədə beynəlxalq dünya kimya olimpiadası keçiriləcək. Bu da Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə baş tutacaq. Qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlər seçiləcək.
Sonda Respublika fənn olimpiadalarının final mərhələsində I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub. Həmçinin Təhsil Nazirliyi qaliblərə qiymətli hədiyyələr də təqdim edib.
Qeyd edək ki, Respublika fənn olimpiadalarında bu il ilk dəfə olaraq, iştirakçılar arasından hər fənn üzrə "birincilərin birincisi" nominasıyası üzrə qalib müəyyənləşdirilib və olimpiada fənnləri sırasına coğrafiya da əlavə olunub. Eyni zamanda əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə