Naxçıvan Dövlət Universitetində (NDU) tarix filologiya və beynəlxalq münasibətlər fakültələri arasında onlayn bağlantı təşkil olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun da iştirak etdiyi onlayn bağlantıya, ingilis dili və jurnalistika ixtisasında təhsil alan tələbələr, həmçinin koreyalı və gürcü tələbələr də qatılıblar.

NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn bağlantıda universitetin ingilis dili ixtisasının II kurs magistrı Turan Şirəliyevanın "İntibah dövrünün dühası – Vilyam Şekspir" mövzusunda açıq dərsi dinlənilib. Dərsdə dünya ədəbiyyatının ən məşhur dramaturqlarından olan, 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi Vilyam Şekspirin Avropa teatr sənətinin və ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışılıb.
İngilis dilində aparılan açıq dərsdə hər iki fakültənin tələbələri mövzunu böyük maraqla qarşılayıblar. Mövzu ətrafında diskussiya keçirilib, tələbələri maraqlandıran suallar isə ingilis dili kafedrasının müdiri Ceyran Quliyeva və jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi Xumar Məmmədova, həmçinin ingilis dili ixtisasının II kurs magistrı Turan Şirəliyeva tərəfindən cavablandırılıb.
Vilyam Şeksprin həyat və yaradıcılığından bəhs edən slayd maraqla izlənib.
Onlayn bağlantının sonunda çıxış edən universitetin tədris işləri üzrə prorektoru Surə Seyid bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, elmin inkişafına, gənclərin hərtərəfli təhsil almasına səbəb olub. Universitetdə onlayn bağlantıların keçirilməsinin də bu baxımdan vacibliyini nəzərə çatdıran natiq, bu cür tədbirlərin universitetdə davamlı təşkil olunacağını deyib.
Qeyd edək ki, aprel ayının 1-dən etibarən universitetin magistr tələbələrinin elmi-pedaqoji təcrübəsinə start verilib. Qoyulan əsas tələblərdən biri də açıq dərslərin İKT vasitəsilə tədrisini təşkil etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB