Olimpiadanın açılış mərasimi keçiriləcək AÇIQLAMA

240 şagird mükafatlandırılacaq
Olimpiadanın açılış mərasimi keçiriləcək AÇIQLAMA

Sabah aprelin 18-də Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, olimpiada 3 gün davam edəcək. Final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər (rayon) məktəblərindən 480 şagird iştirak edəcək ki, onların da 240 nəfəri mükafatçılar sırasında yer alacaq. İlk dəfə onlar arasında hər fənn üzrə "birincilərin birincisi" nominasıyası üzrə qalib müəyyənləşəcək. Şagirdlərin göstərdikləri nəticələrə əsasən beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin adı da məlum olacaq.

Bu cür fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirir ki, burada da olimpiadalar müstəsna əhəmiyyətə malikdir. Bütün bu prinsiplər nəzərə alınaraq Respublika fənn olimpiadaları Təhsil Nazirliyinin xüsusi nəzarəti altında şəffaf şəkildə həyata keçirilməkdədir.

Qeyd edək ki, fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirak etdiyi yarımfinal mərhələsi isə Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə keçirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə