ADU-da veteranla görüş keçirilib

ADU-da veteranla görüş keçirilib

Aprelin 13-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 23 fevral 2015-ci il tarixli Sərəncamına əsasən Böyük Vətən müharibəsinin iştirakçısı Çingiz Ələkbərovla görüş keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu və universitetin tələbələri iştirak edib.

Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev bu il 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin tamam olduğunu deyərək Böyük Vətən müharibəsi haqqında qısa məlumat verdi. O, Prezident İlham Əliyevin sərəncamına əsasən qələbənin yubileyinin respublika səviyyəsində qeyd olunduğunu bildirdi. O dövrdə çoxlu sayda insanların qəhrəmanlıqlar göstərdiyini, həlak olduğunu bildirən prorektor orada iştirak etmiş çox az sayda insanların hal-hazırda həyatda olduqlarını qeyd etdi. Qonağı tələbələrə təqdim edən Ə. Əliyev müharibə iştirakçısı Çingiz Ələkbərovun gənclərə nümunə şəxsiyyət olduğunu söylədi.

Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu müharibədən 70 il keçdiyini söylədi. O, Azərbaycan xalqının adına layiq övladları olduğunu deyərək vətənin müstəqilliyini saxlamaq uğrunda mübarizəyə qoşulmağın hər bir gəncin borcu olduğunu bildirdi. ADU-da təhsil alan tələbələrin vətənpərvərlik ruhunda yetişdiyini deyən professor tələbələrin bu mövzuda daim fəallıq göstərdiklərini qeyd etdi.

Daha sonra ADU-da qonaq olmuş, Böyük Vətən müharibəsinin iştirakçısı Çingiz Ələkbərov respublikada mötəbər elm ocaqlarından biri olan Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu dilə gətirdi. İştirakçısı olduğu Böyük Vətən müharibəsi haqqında xatirələrini danışan Ç. Ələkbərov bu müharibənin tarixdə mühüm yer tutduğunu qeyd etdi. O, müharibənin bir çox cəhətlərini

tarixi nöqteyi-nəzərdən diqqətə çatdırdı. Müharibə ərəfəsi, müharibənin gedişatı, nəticələri, Azərbaycanın bu müharibədə rolu, müharibə zamanı yaşanan çətinliklər, ərzaq qıtlığı haqqında ətraflı məlumat verdi.

Görüş müzakirələrlə yekunlaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə