Tələbələrə sınaq imtahanı keçirilir

Tələbələrə sınaq imtahanı keçirilir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanları keçirilir. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanlar respublikanın 32 şəhər və rayonunda qeydə alınıb. Buraya Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı, Balakən, Ağcabədi, Ucar, Bərdə, Ağdam, Şəmkir, Gədəbəy, Ağstafa, Göyçay, Ağsu, Goranboy, Qəbələ, Sabirabad, Şirvan, Lənkəran, Astara, Xaçmaz və Qusar şəhərləri, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonları daxildir. Ümumilikdə 64 binada təşkil olunan imtahanlarda iştirak yazılış internet vasitəsilə aparılıb və 48376 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə