Aprelin 2-də Azərbaycan Dillər Universitetinin (ADU) İnfromasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrindən olan nümayəndə heyətinin universitet rəhbərliyi ilə görüşü keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, bu günün tarixi hadisə olduğunu bildirən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib.
Çıxışında Fransanın aparıcı universitetlərinin məzunlarının bu gün ADU-da çalışdığını deyən rektor Səməd Seyidov Azərbaycan və Fransa arasındakı çoxşaxəli əlaqələrdən bəhs edib. Fransa nümayəndə heyətinin Azərbaycan Respublikası Təhsil Nazirliyindəki görüşündən danışaraq Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisəsi kimi ADU-nun da bu əlaqələrə hərtərəfli töhfə verməyə hazır olduğunu deyən rektor Səməd Seyidov ADU və Strasburq Universiteti arasında mövcud əməkdaşlıqdan söz açıb. O, Azərbaycanda Fransa liseyi yaradılanda ADU-nun müəllimlərinin orada dərs deməyə başladıqlarını, yaranan iqtisadi əlaqələr zamanı universitetin fransız dili üzrə əməkdaşlarının bu işdə aktiv iştirak etdiklərini diqqətə çatdırıb. Azərbaycanda bütün sahələrdə, o cümlədən dil sahəsində inkişaf proseslərinin getdiyini deyən rektor Səməd Seyidov ADU-da da əsas prioritetin xarici dillərin yüksək səviyyədə tələbələrə mənimsədilməsi, onların xarici ölkələrdə təcrübə keçərək, eyni zamanda təhsil alaraq savadlı mütəxəssislər kimi formalaşması olduğunu vurğulayıb. Rektor Səməd Seyidov universitetin beynəlxalq əlaqələrindən danışaraq ADU-nun 2010-cu ildə Azərbaycanda ilk dəfə olaraq, Avropa Birliyinin TEMPUS layihəsinin koordinatoru olduğunu, bu layihə başa çatdıqdan sonra isə Avropa Birliyinin daha bir TEMPUS layihəsinin (FLEEP) koordinatoru seçildiyini bildirib. O, ADU-nun koordinatoru olduğu TEMPUS (RİTSA) layihəsinin nəticəsi olaraq, Strasburq Universitetinin Tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunun (İTİRİ) sinxron tərcümə sahəsindəki magistr diplomunun delokalizasiyası proqramının həyata keçirilməyə başlanıldığını sözlərinə əlavə etdi. Universitetdə fəaliyyət göstərən "Fransa məlumat mərkəzi"nin fəaliyyətindən danışan rektor Səməd Seyidov bu yaxınlarda universitetdən nümayəndə heyətinin Fransanın Sarbon universitetinə gedəcəyini və orada keçiriləcək festivalda iştirak edəcəklərini vurğulayıb.
Strasburq Universitetinin prezidenti Alain Beretz çıxışında ADU rektoruna öz təşəkkürünü çatdırıb. Azərbaycan Dillər Universiteti və Strasburq Universiteti arasındakı əməkdaşlıqdan danışaraq bunun Azərbaycan-Fransa əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini bildirdi. ADU-nun bir neçə əməkdaşının Strasburq universitetinin məzunları olduğunu deyən A. Beretz iki universitet arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tələbə-müəllim mübadiləsi, təcrübə proqramları haqqında danışıb.
Görüş müzakirələrlə davam edib.
Sonda Azərbaycan Dillər Universiteti tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ADU-da fəaliyyət göstərən "Fransa məlumat mərkəzi" "Fransız Resurs və Layihələr mərkəzi" adı ilə 1998-ci ildə Fransa səfirliyinin və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə açılıb. Fransanın Mark Blok universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əlaqələr 1998-ci ildə Eksperimental Filyer bölmələrinin yaradılması haqqında müqavilə ilə başlayıb. Müqavilədə proqramın həyata keçirilmə müddəti 15 il nəzərdə tutulmuşdur.1998-ci ilə qədər ADU-da təkcə ənənəvi filyer qrupları vardı. Azərbaycan Dillər Universitetinin Rektoru Səməd Seyidovla Strasburqun Mark Blok Universitetinin dekanı Jean-Christophe Pellat arasında 2000-ci il razılaşması və Mark Blok Universitetinin Rektoru François Xavier Couche ilə 2003-cü il iyun razılaşması ilə Universitetlər arasında əlaqələr daha da möhkəmlənib. Eksperimental filyer bölməsinin ilk buraxılışı 2002-ci ildə olub. Həmin vaxtdan 2013-cü ilə qədər Fransa hökumətinin 1 illik təqaüdü ilə Fransaya təhsil almaq üçün 14 tələbə getmişdir və bunlardan 9 nəfəri təqaüdlə oxuyub geri qayıdıb. Bundan əlavə, 3 tələbə Fransa hökumətinin 1 aylıq təqaüdü ilə Fransada dil kursu keçib və 8 tələbə Fransada təhsil almışdır. Fransanın müxtəlif universitetlərindən Azərbaycan Dillər Universitetinə təcrübə keçmək üçün 4 fransız tələbə gəlib. Mərkəzin yaradılmasında əsas məqsəd müəllim və tələbələri lazım olan dərs vəsaitləri, Fransa haqqında müxtəlif kitab və ləvazimatlarla təmin etmək idi. Ümumilikdə mərkəzin resurs fondu 2082 ədəd kitab, jurnal və kasetdən ibarətdir. Adları göstərilməyən aylıq jurnal və qəzetlər isə təqribən 250 ədədə yaxındır. Mərkəzdə müxtəlif tədbirlər və danışıq saatları təşkil olunur.
Mərkəz Fransa-Azərbaycan İnstitutu ilə də əməkdaşlıq edir və orada təşkil olunan tədbirlərə universitetin tələbələri də cəlb edilir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB