"Təhsil Nazirliyinin növbəti mediaturu" TƏDBİR-FOTOLAR

"Təhsil Nazirliyinin növbəti mediaturu" TƏDBİR-FOTOLAR

Azərbaycan Respublikası Təhsil Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Bakı şəhərində 194 nömrəli tam orta məktəbə mediatur təşkil edib. SİA-nın məlumatına görə, 20-dək KİV nümayəndəsinin iştirak etdiyi tədbirə qeyri-hökumət təşkilatlarının rəhbərləri və hərbi ekspertlər qatılıblar. Mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan imkanlarla tanışlığına şərait yaratmaq, kompüter texnologiyalasına əsaslanan təlim silahlarını nümayiş etdirmək, məktəblilərin vətənpərvər ruhda təlim-tərbiyə metodlarının təbliğinə dəstək verməkdən ibarətdir. Qeyd edək ki, ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə yeni təlim avadanlıqları ilə təmin olunmuş hərbi kabinetə baxış keçirib və gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsində iştirak ediblər. Jurnalistlər şagirdlərin silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.

Mediaturda iştirak edən hərbi araşdırmaçı Şəmistan Nəzirli, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli şagirdlərin hərbi hazırlığı üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, müasir texnologiyalara əsaslanan təlim metodlarının gələcək əsgərlərin hazırlıq səviyyəsini artırmaqla yanaşı, onların vətənpərvərlik ruhda böyüməsinə müsbət təsir etdiyini vurğulayıblar.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə