Humanitar və texniki fənlər üzrə məktəblilər arasında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi başa çatıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, 3700 şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə keçirilib.
İştirakçılara 25-30 test tapşırığı təqdim olunub. Qaydalara uyğun olaraq, şagirdlər 90 dəqiqə ərzində humanitar fənlər (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə, 3 saat ərzində texniki (riyaziyyat, fizika, kimya, biologiya və informatika) fənlər üzrə sualları cavablandırıblar. Respublika fənn olimpiadalarının bu mərhələsində informatika üzrə imtahanlar kompüter əsaslı olub və 3 mərkəzdə (Bakı, Gəncə və Naxçıvan) keçirilib.
Yarımfinal mərhələsinin nəticələrinə əsasən, səkkiz fənn üzrə 400 nəfərə yaxın namizədin növbəti mərhələdə – finalda iştirak etməsi nəzərdə tutulub.
Qeyd edək ki, fənn olimpiadaları üç mərhələdən ibarətdir. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB