Martın 12-də Azərbaycan Dillər Universitetində xalq şairi Hüseyn Arifin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. ADU-dan SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında 2 may 2014-cü il tarixli Sərəncamına əsasən keçirilən tədbirdə xalq şairi Zəlimxan Yaqub, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanov, Bakı Slavyan Universitetinin professoru Rüstəm Kamal, Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə, ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, fakültə dekanları, kafedra müdirləri, universitetin professor-müəllim və tələbə heyəti iştirak edirdi.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq şairi Hüseyn Arifin xalqımızın zəngin bədii-poetik irsində dəyərli əsərlər yaratdığını və milli ədəbiyyata töhfələr verdiyini bildirdi. Prorektor Ələddin Əliyev Hüseyn Arif işığından bəhrələnməyin vacib olduğunu vurğuladı.
Xalq şairi Zəlimxan Yaqub Hüseyn Arif yaradıcılığından danışaraq şairin Azərbaycan ədəbiyyatının baş ucalığı, poeziyamızın zirvəsi olduğunu dedi. Hüseyn Arif poeziyasında dilin doğma, səmimi, şirin, xalqa yaxın olduğunu bildirən Zəlimxan Yaqub Hüseyn Arif şeirlərinin xalqın ruhundan süzülüb gəldiyini vurğuladı. Xalq şairinin Səməd Vurğundan sonra Azərbaycan dilinə öz yaratdığı əsərlərlə heykəl qoyan ustad olduğunu qeyd etdi. Hüseyn Arif yaradıcılığında yer alan baməzə şeirlərin ayrıca bir məktəb olduğunu söyləyən xalq şairi Azərbaycan xalqının var olduğu müddətdə Hüseyn Arif poeziyasının daim cavan qalacağını sözlərinə əlavə etdi.
Daha sonra Bakı Slavyan Universitetinin professoru Rüstəm Kamal, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanov, ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev, Alman dili Yusif Savalan çıxış edərək Hüseyn Arif yaradıcılığında şairin toxunduğu mövzular, yaratdığı əsərlər haqqında danışdılar, xalq şairinin şeirlərindən söyləyərək təhlillər verdilər.
ADU-nun tələbələri Nərgiz Məmmədova və Aysu Kərimova Hüseyn Arifin müəllifi olduğu "Sənsən" və "Sən oldun" şeirlərini söylədilər.
Hüseyn Arifin sözlərinə bəstələnmiş mahnıları oxundu, sazda ifalar oldu.
Sonda Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkədə xalq şairinin yubileyinə həsr olunmuş tədbirlər silsiləsi keçirildiyini bildirdi. O, ADU-da təşkil olunan tədbirdə Hüseyn Arif haqqında xoş sözlər eşitməkdən, şairin qələmindən çıxmış şeirlərin səsləndirilməsindən məmnunluq hissi keçirdiyini dedi. Z. Hüseynzadə keçirilməsində universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov başda olmaqla, əməyi keçən hər kəsə təşəkkürlərini bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB