Təhsil naziri Masallıda vətəndaşları qəbul edib

Təhsil naziri Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyəsinə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq martın 10-da təhsil naziri Mikayıl Cabbarov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik Masallı, Yardımlı və Cəlilabad rayonlarının vətəndaşlarının qəbulunu keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, nazirliyin şöbə rəislərinin, rayonların təhsil şöbələrinin müdirlərinin və müavinlərin iştirak etdikləri qəbulda cənub bölgəsinin 50-yə yaxın sakininin müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətləri əsasən işə qəbul, xaricdə təhsil, məktəblərin təmiri, iş yerlərinin dəyişdirilməsi, təhsil haqqı, tələbələrin bir ali təhsil ocağından digərinə köçürülməsi, təhsildə yeniliklərin tətbiqi ilə bağlı olub.

Nazir Mikayıl Cabbarov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Müraciətlərin bir qismi elə yerindəcə öz həllini tapıb.

Nazirliyin səlahiyyətinə aid olmayan digər müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə