Yeni səfir təhsil sahəsindəki münasibətlərə toxunub

Yeni səfir təhsil sahəsindəki münasibətlərə toxunub

Bu gün Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Polşanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib. SİA-nın məlumatına görə, rektor A.Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi, burada fəaliyyət göstərən polyak dili və mədəniyyəti mərkəzi, bu istiqamətdə kadr hazırlığı, eyni zamanda BSU-nun xarici universitetlərlə əlaqələri barədə qonağa məlumat verib. Görüş çərçivəsində Polşanın bir sıra tanınmış universitetləri, o cümlədən Varşava Universiteti ilə BSU-nun əməkdaşlığından söhbət açan rektor vəzifəyə yeni təyin edilmiş səfirin dəstəyi ilə bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inandığını vurğulayıb.

Daha sonra çıxış edən Marek Tsalka Polşa ilə Azərbaycan arasındakı əlaqələrdən danışaraq təhsil sahəsindəki münasibətlərə toxunub. Səfir həmçinin BSU ilə Polşanın ali təhsil müəssisələri arasında mövcud olan əməkdaşlıqla bağlı layihələrdən razı qaldığını dilə gətirib. Marek Tsalka gələcəkdə yeni layihələrin həyata keçirilməsinə yaxından köməklik göstərəcəyini deyib, dəvətə görə BSU rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə