“Kaspi” Təhsil Şirkəti ilə Lefke Avropa Universiteti arasında əməkdaşlıq müzakirə edilib
"Kaspi" Təhsil Şirkətinin və "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva Bakıda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin rektoru Mehmet Əli Yükselen və prorektoru Corolina Smochinanı ilə görüşüb. Sona Vəliyeva onları sahibi olduğu şirkətin strukturları barədə məlumatlandırıb.
Tərəflər görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, Lefke Avropa Universiteti ilə "Kaspi" Təhsil Şirkəti arasında əlaqələr genişləndirilsin. Qonaqlar "Kaspi" Təhsil Mərkəzinin layihəsi əsasında çap olunmuş Hüseyn Cavidin əsərlərinin türk dilində nəşrinin təbliğatına yardımçı olacaqlarını bildiriblər. Ümumilikdə görüşdə mədəni sahədə əməkdaşlığın gücləndirilməsi qərara alınıb.
Xatırladaq ki, Lefke Avropa Universiteti Şimali Kipr ElmVakfı tərəfindən 1990-cı ildə qurulub. Universitet mükəmməl strukturu və maddi-texniki bazası ilə Şimali Kipr Türk Cümhuriyyətinin təhsil məşəli hesab olunur.
"Kaspi" Təhsil Şirkətinin qurduğu Kaspi Liseyi isə milli-bəşəri dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən, keyfiyyətli və peşəkar təhsil vermək məqsədilə yaradılmış özəl orta məktəbdir. Kaspi Liseyində şagirdlərdə yüksək bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılıb.
Məktəb beynəlxalq təhsil proqram və təcrübələrindən yararlanaraq, dövlət standartlarına əsaslanan tədris planı və müvafiq tədris prosesini təşkil edir. Tədris 2 dildə - Azərbaycan və rus dillərində keçirilir. Tədris müddətində ikinci dil olaraq ingilis dilinə xüsusi önəm verilir. Müasir maddi-texniki bazaya malik olan məktəbdə geniş və işıqlı dərs otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otaqları, zəngin kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB