ADU-da açıq dərs keçirilib FOTO

Fevralın 27-də Azərbaycan Dillər Universitetində Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Sofiya Mirzəyevanın tədris etdiyi "Azərbaycan ədəbiyyatı tarixi" fənnində "Bəxtiyar Vahabzadə yaradıcılığının səciyyəvi xüsusiyyətləri" adlı açıq dərs keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, Dosent Sofiya Mirzəyeva Bəxtiyar Vahabzadə haqqında ümumi məlumat verərək bildirib ki, şair Azərbaycan ədəbiyyatı tarixinin görkəmli simalarındandır. Milli-mənəvi dəyərlərə hörmət və ana dilinin saflığının qorunması istiqamətində Bəxtiyar Vahabzadənin fəaliyyətini qeyd edən S. Mirzəyeva şairin öz dövrünün əsgəri olduğunu bildirib. S. Mirzəyeva B. Vahabzadənin yaradıcılığında toxunduğu mövzulardan söz açaraq Cənub mövzusunun şairin poeziyasında qırmızı xətt kimi keçdiyini söyləyib.

Filologiya və Jurnalistika fakültəsinin 138 a, 138 b, 139, 140-cı qrup tələbələrinin iştirak etdiyi açıq dərsdə tələbələrdən Naira Yunusova, Vüsalə Mütəllibova, Türkanə Fətəliyeva xalq şairi Bəxtiyar Vahabzadənin həyatı və yaradıcılığı, yaratmış olduğu əsərləri haqqında ətraflı məlumat verdilər, Şəbnəm Şiriyeva və Cəmilə İsmayılova Bəxtiyar Vahabzadənin "Atılmışlar" poemasını söyləyiblər.

Tələbələrin ifasında Bəxtiyar Vahabzadənin müəllifi olduğu şeirlər dinlənilib.

Açıq dərs müzakirələrlə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə