Şəmsəddin Hacıyev: “Azərbaycan elmində qocalma tendensiyası müşahidə edilir”
Milli Məclisin bu gün keçirilən iclasında "Elm haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, iclasda çıxış edən Milli Məclisin elm və təhsil komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyev deyib ki, "Elm haqqında" qanun Azərbaycan Respublikasında elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir: "Eyni zamanda, qanun elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını özündə ehtiva edir. Elm və tərəqqi olmadan heç bir ölkənin inkişafına nail olmaq mümkün deyil. Elm sahəsinin inkişafı həmişə müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və bu gün də prioritet istiqamət kimi qalmaqdadır".
Şəmsəddin Hacıyev deyib ki, "Elm haqqında" qanun layihəsi hazırlanarkən, beynəlxalq təcrübə əsas götürülüb: "Qanun layihəsi hazırlanarkən bir çox ölkələrin, o cümlədən qabaqcıl Avropa və MDB dövlətlərinin təcrübələri nəzərə alınıb. Layihənin əsas istiqaməti liberal şəraitin yaradılması, rəqabət mühitinin təmin edilməsi, elmi nəticələrin səviyyələrinin yüksədilməsi və digər məqsədlərlə bağlıdır. Düzdür, Azərbaycan super dövlət deyil, ancaq iqtisadiyyatın bir çox sahələrində mühüm irəliləyişlərə nail olunub. Bu da imkan verir ki, ölkədə elmin inkişafına nail olaq və elmi təqdiqatların keyfiyyətini daha da artıraq".
Onun sözlərinə görə, elmin inkişafı sahəsində qanunvercilik bazasının yaradılması bir çox məsələlərin həllini nəzərdə tutub: "Elmi fəaliyyətin idarə olunması və onun müasir dünya praktikasına uyğunlaşdırılması layihənin əsas məqsədlərindən biridir. Ali təhsil müəssisələrinin də universitetlərin inkişaf etdirilməsi layihədə qabardılan əsas istiqamətlərindən biri olub"
Ş. Hacıyev qeyd edib ki, sözügedən qanun layihəsində elm sahəsindəki mürəkkəb sistemlərin hüquqi müstəviyə çıxarılması, elmin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur: "Qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiyası ali elmi təşkilat kimi müəyyən edilib. Bundan başqa onun səlahiyyətlərinin və məsuliyyətinin də artırılması qanun layihəsində qeyd edilib".
Komitə sədri vurğulayıb ki, Azərbaycan MDB-də elmə ən çox maliyyə vəsaiti ayıran dövlətdir.
Komitə sədri təəssüflə qeyd edib ki, Azərbaycan elmində qocalma tendensiyası müşahidə edilir: "Azərbaycan elmində yaşı çox olan şəxslər gəncləri üstələyir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və universitetlərdə fəaliyyət göstərən, 50 yaşa kimi olan bütün elm xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır.
Millət vəkili qeyd edib ki, "Elm haqqında" qanun layihəsində müəllimlərin, alimlərin, elm adamlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb.
Şəmsəddin Hacıyev xatırladıb ki, qanun layihəsində magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi də nəzərdə tutulub.
Onun sözlərinə görə, bütün bunlarla yanaşı, elmin özünü maliyyələşdirməsi mexanizmləri də qanun layihəsində nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB