Fevralın 19-da Azərbaycan Dilllər Universitetində Xarici Dillər kafedrasının müəllimi Anar Rəhimovun təşkilatçılığı, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə "Samilər və Norveçə mühacirat" mövzusunda açıq dərs keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, açıq dərsdə Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen, səfirin müşaviri Marie Merit, norveçli qonaq Krister Daatland, Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev iştirak edirdi.
Qonaqları salamlayan Xarici Dillər kafedrasının müəllimi Anar Rəhimov universitetin beynəlxalq əlaqələrinin ildən ilə daha da genişləndiyini bildirdi. Universietdə müxtəlif dillərin tədris olunduğunu bildirən Anar Rəhimov bu dillərdən birinin də Norveç dili olduğunu qeyd edib. O, tələbələrin Norveç dilini, mədəniyyətini, tarixini böyük həvəslə öyrəndiklərini qonaqların diqqətinə çatdırıb.
Samilər haqqında qısa filmin nümayişindən sonra 349-cu qrup tələbəsi Elnurə Ağayeva Samilər haqqında iştirakçılara ətraflı məlumat verdi. Belə ki, o, samilərin laplandlar kimi tanındığını, Norveç ərazisində uzun illər yaşadıqlarını, onların sahil kənarı yerlərdə məskunlaşdıqlarını və əsasən balıqçılıqla məşğul olduqlarını bildirib.
Azərbaycanda yaşayan etnik azlıqlar haqqında danışan tələbələr ölkəmizdə yaşayan azsaylı xalqların ölkə ərazisində heç bir təsirə məruz qalmadan yaşadıqlarını qeyd ediblər.
Sonra həmin qrupun tələbəsi Vüqar Ağayev "Norveçə mühacirat" haqqında danışaraq 219 ölkədən Norveçə immiqrantların gəldiyini, əsasən də paytaxt Osloda məskunlaşdıqlarını qeyd edib. O, məskunlaşmanın səbəbini isə iş yerlərinin, eyni zamanda təhsil üçün böyük imkanların Osloda daha çox olması ilə izah edib.
Norveçdə təhsil sistemi haqqında iştirakçılara məlumat verən tələbə Nuranə Mirzəyeva bu ölkənin təhsilə önəm verdiyini bildirdi. O, Norveçdə təhsilin pulsuz olduğunu və tələbələrin bütün dərəcələr üzrə pulsuz təhsil ala bildiklərini deyib.
Çıxışlardan sonra tələbələr üçün müasbiqə təşkil olundu və onlara maraqlı suallar verildi. Suallara düzgün cavab verən tələbələrə isə hədiyyələr təqdim olunub.
Sonda tələbələrin ifasında "Şimal ölkəsində kəpənək" mahnısı norveç dilində iştirakçılara təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB